Mədəniyyət tariximizdə iz qoyan sənətkarlar bəzən diqqətdən kənarda qalsalar da, heç vaxt unudulmurlar. Opera səhnəsində - “Leyli və Məcnun”, “Koroğlu”, “Əsli və Kərəm” və digər tamaşalarda müxtəlif obrazları ustalıqla yaradan sənətkarlardan biri də Əməkdar artist Şirzad Hüseynov olub.
Şirzad Abasəli ağa oğlu Hüseynov (Berqman) 10 may 1906-cı ildə Bakı şəhərində alman əsilli hərbçi ailəsində dünyaya göz açıb. Atası istəyir ki, oğlu böyüyəndə onun yolunu davam etdirsin. Lakin Şirzad öz arzu və istəklərinin dalınca gedir. Teatr tamaşalarına dərin maraq göstərir. Rol aldığı tamaşalarda bəlağətli səslə oxuması seyrçilərin marağına səbəb olur.
Arzularının gerçəkləşdiyi bir vaxtda - 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut edir. Yeni qurulan sovet rejimi tərəfindən azərbaycanlı hərbçilərə qarşı repressiya başlayır. 1918-ci ildə Bakını bolşevik-daşnak silahlı dəstələrindən təmizləyən Qafqaz İslam Ordusunun tərkibində döyüşmüş insanlar həbs olunur, güllələnir, ailələri ölkədən sürgün edilir.
Şirzadın da bir çox qohumu həbs edilir, Salman ağa Berqman, Vahid ağa Berqman və digərləri güllələnirlər. Hadisələrin bu cür cərəyan etməsi Abasəli ağa Berqmanı çətin duruma salır. Vəziyyətdən çıxmaq üçün soyadını atası Hüseynqulu ağa şərəfinə dəyişərək “Hüseynov” edir. Bununla da ailəsini sürgündən xilas edir.
Bakıda istedadlı bir gənc kimi tanınan Şirzad Hüseynov dahi bəstəkar Üzeyir Hacıbəylinin də diqqətini çəkir. Bir gün Üzeyir bəy onu yanına çağırır və opera teatrında çalışmasını istəyir. Gənc müğənni əvvəlcə xorda oxuyur. Sonra fərqli səs tembri sənət dostları arasında da marağa səbəb olur və ona muğam operalarında müxtəlif rollar həvalə edilir. Oxuduğu “Zəminxarə” muğamı tamaşaçılar tərəfindən alqışlarla qarşılanır. O, daha sonra “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şah İsmayıl” operalarında Şah İsmayıl, İbn Salam, Məcnun və Kərəm rollarını özünəməxsus şəkildə yüksək zövqlə ifa edir.
Göründüyü kimi, həm klassik, həm də muğam operalarında çıxış etmək, uğur qazanmaq hər sənətkara nəsib olmayıb. Məcnun rolu sırf xanəndələr üçün, Koroğlu isə vokalist müğənnilər üçün münasibdir. İfaçılıq baxımından bu rollar bir-birindən çox fərqlənir. Ş.Hüseynovun bu obrazları yüksək səviyyədə ifa etməsi onun geniş potensiallı bir sənətkar olmasından xəbər verir. O həm də klassik rus və Qərb operalarında da əsas rollarda çıxış edib, tamaşaçı sevgisi qazanıb.
Mənbələrdə qeyd olunur ki, 1937-ci ildə “Koroğlu” operasının baxış tamaşasının afişalarında Koroğlu rolunun ifaçısı kimi Bülbüllə yanaşı Ş.Hüseynovun da adı yazılır. Sonralar o, müntəzəm olaraq opera səhnəsində Aşıq Qərib və Koroğlu obrazlarını məharətlə oynayıb. Aktyorun sənətkarlıq qabiliyyəti yüksək qiymətləndirilir, 1943-cü ildə Əməkdar artist fəxri adına layiq görülür.
Xalq artisti Əfrasiyab Bədəlbəyli onun haqqında 1938-ci ildə “Kommunist” qəzetində dərc etdirtdiyi məqaləsində yazır: “Bütün dünya opera repertuarında istər rolun ölçüsü, istər oxuyacağı sözlərin həcmi, yaradacağı obrazın hərəkət və səhnə oyunu tələbləri cəhətincə Koroğlu rolu kimi böyük və çətin bir rol yoxdur desək, artırmamış olarıq. Cəmisi üç-dörd il bundan əvvəl teatrın xoruna bir xor artisti kimi qəbul olunan Şirzad Hüseynovun keçdiyi yaradıcılıq yolu çox əlamətlidir: xor - Zeyd - Sofi - İbn Salam - Aşıq - Koroğlu! Öhdəsinə götürdüyü vəzifəsini, ümumiyyətlə, parlaq bir surətdə yerinə yetirən Şirzadın çıxışında şübhəsiz ayrı-ayrı nöqsanlar da yox deyildir. Birinci növbədə gözəçarpan cəhət onun talantına nisbətlə ustalığının geridə qalmasıdır. Bu da əlacsız bir iş deyildir. Şirzad öz üzərində müntəzəm surətdə çalışarsa, bu ustalığa yiyələnə bilər”.
Böyük Vətən müharibəsi (1941) başlayanda digər sənət adamları kimi Ş.Hüseynov da cəbhə bölgələrində olur, əsgərlər qarşısında Ü.Hacıbəylinin əsərlərindən ibarət repertuarla konsertlər verir.
Sənətə qırılmaz tellərlə bağlı olan sənətkar 1950-ci ildə, yaradıcılığının coşqun çağlarında opera teatrından uzaqlaşır. Uzun müddət Bakının Maştağa və Yeni Suraxanı kəndlərinin mədəniyyət evlərində, İ.Əbilov adına klubda bədii rəhbər vəzifələrində çalışır, ömrünün sonuna qədər mədəniyyətimizin inkişafına sədaqətlə xidmət edir. 10 may 1971-ci ildə dünyasını dəyişir.
Savalan Fərəcov