Qarabağlı uşaqların muğam sevgisindən bəhs edən sənədli film Paris festivalında
Parisin “L’Entrepot” kinoteatrında Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransadakı nümayəndəliyinin təşkilatçılığı ilə 12-ci “L'Europe autour de l'Europe” film festivalı çərçivəsində Azərbaycan kinosu gecəsi keçirilib.
TEAS-ın Fransa ofisinin direktoru Mari-Letisiya Qurden tədbiri açaraq artıq 6 ildir festivalla əməkdaşlıq etdiklərini bildirib. Direktor bu dəfə TEAS-ın 2016-cı ildə istehsal etdiyi və Azərbaycan mədəniyyətinin incisi olan muğamdan bəhs edən “Gənc səslər, qədim nəğmə” etnoqrafik sənədli filminin təqdim ediləcəyini diqqətə çatdırıb.
TEAS-ın direktoru Lionel Zetter muğamdan və Ermənistan-Azərbaycan münaqişəsinin qurbanları olan azərbaycanlı uşaqlardan bəhs edən belə bir filmi ərsəyə gətirməkləri ilə fəxr etdiklərini bildirib.
Sonra Avropa Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə çəkilən “Gənc səslər, qədim nəğmə” etnoqrafik sənədli filmi nümayiş etdirilib.
Filmdə Dağlıq Qarabağdan qaçqın düşən uşaqların əsrarəngiz ifaları səslənib. Xalqımızın qədim muğam ənənəsini yaşatdığı, ona Vətən torpağının erməni işğalından azad edilməsi uğrunda mübarizənin mənəvi dəyərlərindən biri kimi baxdığı, gənc nəslin mədəni irsimizi qoruyub saxladığı öz əskini tapıb. Amerikalı musiqiçi Cefri Verbok məcburi köçkün uşaqların muğam ənənəsini necə yaşatdıqlarından bəhs edir.
Filmdə muğamın beşiyi olan Qarabağın işğalından bəhs edilir. Bu uşaqlar Ermənistan torpaqlarımızı işğal etməzdən əvvəl həmin ərazilərdə anadan olublar. Tamaşaçıya çatdırılır ki, muğam sənəti Azərbaycan xalqına mənsub olduğu kimi, onun beşiyi olan Qarabağ da Azərbaycanın ayrılmaz tərkib hissəsidir.
Filmin nümayişindən sonra Cefri Verbok ölkəmizə ilk dəfə məhz muğam musiqisini öyrənmək məqsədilə gəldiyini bildirib. O, məcburi köçkün düşərgələrində ağır həyat şəraitinə baxmayaraq, uşaqların ifasına heyran olduğunu söyləyib, həmin uşaqlardan birinin Vətən haqqında mahnı oxuyarkən kövrəlməsindən təsirləndiyini qeyd edib.
Tamaşaçılar tərəfindən maraqla qarşılanan 54 dəqiqəlik film Azərbaycan, ingilis və fransız dillərində titrlərlə nümayiş olunub.