SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Fidan Qasımova və Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova Dövlət Musiqili Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasını izləyiblər.
Xalq artistləri təəssüratlarını bölüşərək tamaşadan böyük zövq aldıqlarını söyləyiblər. Onlar tamaşada tələbələrinin çıxış etdiklərini qeyd ediblər: “Onların uğurlu ifası bizi qürurlandırdı. Tamaşa çox gözəl idi. Bütün kollektiv işinin öhdəsindən uğurla gəldi. Azərbaycan Dövlət Musiqili Teatrının bütün kollektivinə təbriklərimizi yetiririk”.
Qeyd edək ki, “Arşın mal alan” tamaşasında gənc aktyorlar Mehriban Zalıyeva (Asya), Atəş Qarayev (Əsgər), Aydan Həsənova (Gülçöhrə) SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Fidan Qasımova və Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Şəfiqə Məmmədovanın tələbələridirlər. Müəllimlərinin xoş sözləri və gül dəstələri tələbələrə əsl hədiyyə olub.