Aprelin 19-da Rusiyanın Samara vilayətinin Tolyatti şəhərində rəssam soydaşımız Bayram Salamovun “Bayramın karvanı” adlı fərdi sərgisi açılacaq.
Sərgi “Rusiya Rəssamlar İttifaqı” Ümumrusiya Yaradıcı İctimai Təşkilatının Samara regional bölməsinin sərgi salonunda təşkil ediləcək.
Bayram Salamov Şəkinin Qoxmuq kəndində dünyaya göz açıb. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib. 1990-cı ildən Tolyatti şəhərində yaşayır. Tolyatti, Çelyabinsk, Samara (Rusiya), Praqa (Çexiya), Limassol (Kipr) və digər şəhərlərdə 20-dək fərdi sərgisi keçirilib. Bakıda ilk fərdi sərgisi 2014-cü ildə “1969” qalereyasında təşkil edilib. Əsərləri Almaniya, Çexiya, İsveç, İtaliya, Kanada, İrlandiya və Böyük Britaniyada fərdi kolleksiyalarda saxlanılır.