Qazaxıstan və Azərbaycan arasında diplomatik münasibətlərin 25 illiyi münasibətilə ölkəmizdə keçirilən Qızıl Orda vilayətinin mədəniyyət günləri başa çatdı. Bakıda və Şəkidə Qızıl Orda Vilayət Filarmoniyasının konserti, Nartay Bekejanov adına Qazax Musiqili Dram Teatrının çıxışı bizim sənətsevərlərin qəlbində xoş təəssürat yaratdı.
Mirzə Fətəlinin "Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur" komediyası əsasında hazırlanmış tamaşa bizim üçün əsl sürpriz oldu. Ona görə yox ki, qazax teatrı böyük dramaturqumuzun əsərinə müraciət etmişdi. M.F.Axundzadənin komediyaları dünyanın istənilən adlı-sanlı teatrında oynanılmağa layiqdir. Sadəcə, qızılordalıların Axundzadə dramaturgiyasına ilk müraciəti və ilk dəfədən müəllifin dramaturji xəttini, onun demək olar ki, bütün komediyalarında keçən ana xətti necə tutması maraqlı idi.
Bekejanov teatrı məşhur komediya əsasında «Getməyəcəksən! Dedim, qurtardı, getməyəcəksən...» adlı çox çevik ruhlu bir tamaşa hazırlamışdı. Əsər bizə tanış olduğundan onun haqqında danışmağa ehtiyac duymuruq. Amma o da var ki, hər rejissor istənilən dramaturq kimi, Axundzadəni də istədiyi kimi oxuyub, öz gördüyü kimi göstərməkdə sərbəstdir.
Qazaxıstanın Əməkdar artisti Murat Axmanovun quruluş verdiyi tamaşa Novruz bayramı büsatını göstərən kütləvi səhnə ilə başlayır. Hər kəs sevinir, bir-birini təbrik edir, cavanlar tonqal üstündən atılır. Bu yerdəcə müsyö Jordan bu milli bayramı öz tərzində - bir növ Venetsiya maskarad-karnavalı, o dövrdə Fransada komedioqrafların geniş istifadə etdiyi del-arte məzhəkəsi kimi anlayaraq, qadın qiyafəsində səhnəyə çıxır, kafe şantan stilində rəqsi və görkəmi ilə hər kəsdə fransız mədəniyyəti barədə yanlış təəssürat yaradır.
İndi təsəvvür edin, XIX əsrin ortasında bir Şərq əyaləti ola və sənin ən əziz bayramında belə bir hoqqadan çıxan firəng qonağın əziz-xələf qardaşın oğlunu, həm də gözəl qızın Şərəfnisənin nişanlısı Şahbaz bəyi özü ilə dil və mədəniyyət əxz etməsi adı ilə Parisə aparmaq istəyə!.. Cavan oğlan da can-dildən buna o qədər həvəs göstərə ki, toyunu da təxirə salmağa razılaşa!.. İndi qoy tamaşaçı desin, Şəhrəbanu xanım bu işə necə qol qoyar?!
Bilənlər bilir ki, Axundzadənin qadın qəhrəmanları çox güclü xarakterə malikdir. Üstəlik, o, hətta ilk milli dramaturji nümunələrdə Tükəz, Sona xanım, Şərəfnisə xanım, Səkinə xanım, Pərzad kimi nəinki ailədaxili zorakılığa, həm də cəmiyyətdəki qadın hüquqsuzluğuna qarşı çıxmağı bacaran qadın obrazları yaradıb.
Qızıl Orda teatrının təqdim etdiyi tamaşanın yozumunda da Şəhrəbanu ön plandadır. Hətta Hatəmxan ağa müsyö Jordanın iştirakı ilə və onun iştirakı olmadan Paris məsələsini çözəndə Şəhrəbanu xanım yaşmaq altından ərinə işarələr verir, onu bu təklifə razılaşmamağa vadar etməyə çalışır.
Pyesin mətninə edilmiş bir cüzi əlavə də diqqəti çəkir. Belə ki, Hatəmxan ağanın təkcə müsyö Jordanı görməklə firənglərlə bizlərin fərqini anladığı deyimlərə gənc Şahbaz öz münasibətini bildirir. Məsələn, bizim aşkar, firənglərin xəlvəti peşkəş almasını siyasət, bizim əllə, onların qaşıqla yemək yeməsini gigiyena, bizdə çoxarvadlılığın, oralarda isə çoxərliliyin dəb olmasını isə matriarxat kimi izah edir. Beş fərqin izahına artırılmış bir kəlməlik cavablar artıq obrazın xarakterinə müəyyən ştrixlər artırır. Seyrçi anlayır ki, Şahbaz bu biliklərə müsyö Jordandan da əvvəl vaqif olub və bu savadla, dünyagörüşü ilə "bu qamışlıqda" yaşamaq ona çətin olacaq. Rejissor yozumundakı digər yenilik isə Xanpərinin təkcə Şəhrəbanu xanımın sirdaşı yox, həm də Məstəli şahın şəriki olmasıdır. Belə ki, Məstəli şah Parisi dağıtmaq üçün aldığı pulun bir qismini Xanpəriyə verir. Düzdür, bunu nə Şəhrəbanu, nə də Şərəfnisə görür, amma tamaşaçı bu işbirliyinə şahid dura bilər.
Tamaşada ağır dekorasiyalardan imtina edilib, Şərəfnisə xanımın xalı toxuduğu hana, tavandan asılan saç yumaqları bir neçə funksiyanı yerinə yetirir. Əgər nəzərə alsaq ki, ən yaxşı fikirlər də, ən məkrli niyyətlər də bir növ xalça kimi toxunur, elədə bu yozum əsərin məramına tam uyğun gəlir.
Qızıl Orda teatrının potensialına bələd olmasaq da, digər tamaşalarını görməsək də, "Getməyəcəksən! Dedim, qurtardı, getməyəcəksən..." komediyasında rol almış Zalipa Tolepovanın (Şəhrəbanu xanım), Kanat Arxabayevin (Şahbaz bəy) mükəmməl ifası, Zuxra Saypinin (Şərəfnisə xanım) gözəlliyi qədər səmimi ifası, Əməkdar artist Bakıtbek Alpısbayın (Hatəmxan ağa) sadəliyi, Bakıtbek Temirbəyovun (müsyö Jordan) təmkini bu tamaşada aktyor ansamblının düzgün seçildiyinə tamaşaçını inandırırdı.
* * *
Bildiyimiz qədər, Azərbaycanda Qızıl Orda mədəniyyəti günləri bu il baş tutacaq Qazaxıstan mədəniyyəti günlərinin ilk qaranquşu idi. Qardaş ölkənin digər vilayətlərinin də mədəniyyət xadimlərinin çıxışlarını, teatr tamaşalarını, hətta son illər haqqında heç bir məlumatımız olmayan filmlərini səbirsizliklə gözləyirik.
G.Mirməmməd