Sənətin “epizodik”, həyatın qədirsizlik kölgəliklərində qalan parlaqlarımızdan...
   
   Həyat qədirsizliklərini demirəm, böyük sənət kriterləri, yönətici sənətçilər “perimetr”lərilə yanaşsaq, bu dadlı istedad sahibinin sənət “epizodik”likləri kölgəsində qalma “bəxt”i biz tamaşaçıların xeyrinə işləyib. Yəni kinorejissorlar Ağahüseyn Cavadovu da baş rollarda çəksəydilər...   
   Bəs onda “Bəxtiyar” filmində (“notaxtaran” pianoçu) qeyri-adi üz-göz mimikalarıyla tamaşaçıya uğundurucu anlar yaşadan Rzanı, “Bir qalanın sirri”ndə bütün “sovet uşaqları”nın nifrət obyektlərindən birinə çevrilən “ümumiləşdirilmiş xurafatçı surəti” Rəmmalı, “Sehrli xalat”dakı “boş-boş vəzlər” Vəzirini, “Görüş”dəki bambılı-dəmdəməki aşiq Əbülfəzi, “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Əhməd haradadır?”, “Şərikli çörək” filmlərindəki Bəy, Pirioğlu, Usta Əhməd, İsmayıl baba kimi obrazlara kim bu qədər özgür-orijinal rənglər qatar, ssenari və rejissura remarkaları kölgəliklərində çox da nəzərə çarpmayan o rolları bu sayaq yaddaqalan edərdi?.. 
   Amma bu “rəng”ləndirmələr, “yaddaqalan”dırmalar, həmkarlarının xüsusi rəğbətlə söylədiyi, nəvələrindən birinin (Rasim Cavadov) “Onu yaxşı tanıyırdılar, çox sevirdilər. Ən ucqar kəndlərdən Bakıya lap indicə düşdüklərini hiss etdiyim insanlar belə küçədə-bazarda babamı görəndə üz-gözləri gülər, böyük hörmət-izzətlə salam-kalamlaşardılar” məzmunlu xatirələr elə-belədən deyilmiş. Bizim azman məşhurlarla zəngin sənət aləmimizdə özünəməxsus dəst-xəttilə xüsusi yer tutmuş bu aktyor “hamı tərəfindən görünən məxsusi zirvəsinə” heç də asanlıqla qalxmayıbmış. Düzdür, o, çağdaş tərəf-müqabillərindən bəziləri kimi məşəqqətli tərcümeyi-hal çətinlikləri yaşamayıb, amma, uzun illər bütün canı-qanıyla etdiyi yüzlərlə sənət-səhnə məşqlərindən asan və az olmayan -
    
   Həyat sınaqlarından keçib... 
   
   1894-cü il aprelin 22-də köhnə Bakının “ucqar” Xırdalan kəndində doğulan Ağahüseyn Cavadovun tezliklə par-par parlayası paytaxta layiq bir isim kimi yetişməsi üçün anası hamıdan çox əzab-əziyyət çəkib. Bu “diribaş bala”sını kənddəki mollaxanadan çıxarıb, Bakıdakı məşhur “Səadət” məktəbində oxutdurur. Lakin maddi çətinliklər həmin məktəbi müvəffəq bitirən Ağahüseynə təhsilini davam etdirmək imkanı vermir və o, simsar bir tacir yanında işləməklə, ailəsini dolandırmağa başlayır. 
   Günlər keçdikcə, qızğın ticarət və hərdən paytaxt teatrlarını ziyarətlə məşğul olan Ağahüseyndə “ziyarət”ə sönməz bir məhəbbət yaranır. Hələ uşaqlıqdan səhnəyə sirli-sehrli bir aləm kimi baxan, tələbə ikən vaxt (və cib...) imkanı tapan kimi gedib tamaşaları, hərdən yol-dil tapıb onların bəzilərində “sözsüz” və “epizod rolları” oynayan, S.Ruhulla, M.Əliyev, C.Zeynalov kimi “əjdahaların tilsiminə” (və haçansa “onlarla bərabər səhnəyə çıxmaq kimi xam xəyallara”) düşən Ağahüseyn Cavadovun bu qarşısıalınmaz arzusunun reallaşması çox gecikmir. Azərbaycanda sovetləşmənin elə ilk ilində Hərbi Komissarlığın Siyasi İdarəsinin (!) yaratdığı teatrın tamaşalarında (“Bəxtsiz cavan”, “Ac həriflər”, “Xor-xor”, “Dursunəli və Ballıbadı”, “Molla Cəbi” və s.) oynadığı rollarla tamaşaçıların gur alqışını, truppa rəhbəri Sidqi Ruhullanın xüsusi diqqətini cəlb edir. Bir il keçməmiş, Bakı Türk Azad Tənqid-Təbliğ Teatrına dəvət alır və burada çox maraqlı yaradıcılıq dövrünə qədəm qoyur. 1932-ci ilin sonunda Gəncəyə köçürülərək “Dövlət İşçi Dram Teatrı” adıyla fəaliyyətə başlayan həmin kollektivdə Hacı Səməd ağa (“Bəxtsiz cavan”), Giko (“Pepo”), Barxudar (“Namus”), Mintoyev (“Morqanın qohumu”) kimi rollarıyla, ovaxtkı tamaşaçılardan birinin təbiriylə desək, “qədim şəhərə yeni səs” salır.
   Sonra yenidən keçmiş SSRİ-nin ən qaynar səhnə-sənət məkanlarından sayılan Bakı mühiti. Və aylar-illər ötdükcə, teatr tənqidi, mətbu resenziyalar və rəsmi sənət tədbirlərində “Mahir komediya ustası”, “Xarakter maskalarından məharətlə istifadə edən”, “Tipaj yaratmaq səriştəsinin tipik nümayəndələrindən biri”, “Satirik obrazların ifasında qroteskdən bənzərsiz həssaslıqla bəhrələnən” kimi qənaətlərlə qiymətləndirilən, səhnə-ekran tamaşaçılarının diqqət mərkəzinə, sevgi aurasına düşən “Ağahüseyn Cavadov” ismi...
   Sənətsevərlər bu isimin tək elə yaratdığı (xüsusən ekran) obrazları sarıdan yox, fiziksəl baxımdan da uzunömürlülərdən olduğunu bilirlər. Amma çağdaşlarımız arasında, çarizm-sovetizm (üstəgəl, həm həyati, həm səhnəvi dramatizm) dövründə 87 il ömür sürməyin zarafat olmadığını bilməyənlər də az deyil. Onun müasirlərinin bir çoxundan eşitdiyimə görə, gözü tox, qəlbi tamam iddiasız bu insan uzun yaradıcılıq ömründə işləməli olduğu adamların xeylisindən laqeydlik görsə də, qismətinə qail qalıb...
   Bu məqam... milli sənət və sənətkarlarımıza adi varislik səmimiyyətilə bunu da qeyd edim ki, mən bu “uzun ömür” təfərrüatıyla, hörmətli müasir (başıqarışıq) oxucularımızı o “köhnə kişi”nin (ömrü boyu başı sənətə qarışmışın) yaratdığı yüzlərlə səhnə obrazından bir qismini sadalama “uzunçuluğuma” hazırlamaq niyyətindəyəm də. 
   Beləliklə, 1920-ci ildən (müəyyən fasilələrlə) Milli Dram Teatrında işləmiş Ağahüseyn Cavadovu xatırlayanlar onun həmin səhnədə yaratdığı və çoxusu öz dövrünün “hadisə”si kimi qiymətləndirmiş Dəmirçi Musa, Bərbərzadə, Mirzə Salman (“Toy”, “Xoşbəxtlər”, “Nişanlı qız”), Ocaqqulu, Xosməmməd, Həmzə, İmamverdi, Oddamdı (“Almaz”, “Dönüş”, “Solğun çiçəklər”, “1905-ci ildə”, “Od gəlini”), Cəlal, Soraq kişi (“Həyat”, “Yaxşı adam”), Savalan (“Dağlar qızı”), Luka Lukiç (“Müfəttiş”), Brabansio, Qoca çoban (“Otello”, “Qış nağılı”), Petruşin (“Canlı meyit”), Popoviç (“Nazirin xanımı”), Platon, Məzarçı (“Şeyx Sənan”, “Xəyyam”) və s. yüzlərlə digər rollarını da yad etsinlər... 
   Yaddaşımda daha çox mənfi, “zövqqaytaran-qanqaraldan” rollarla qalmış bu böyük “retro”-aktyorumuz haqda yazımı bir qədər komedik yekunlaşdırmaq fikrindəyəm.
   Teatrda M.Məmmədovun quruluşunda “Alov” (M.Hüseyn) pyesi oynanırkən fasilədə aktyorlar bufetdə çay içirmişlər. Bədəl rolunun ifaçısı Mustafa Mərdanov taxma bığını çıxarıb yanına qoyur və “ikinci pərdə” siqnalını eşitcək durub qaçır. Ağahüseyn Cavadov onun “bığ”ı yaddan çıxardığını görsə də, üstün vurmur və səhnəyə çıxhaçıxda gülümsünərək:
   - Mustafa, batdın! Bığın qaldı bufetdə. Mehdi müəllim alnına yağlı bir töhmət yapışdıranda baxarıq.
   Özünü itirməyən Mustafa da cəld hərəkətlə Ağahüseynin bığını “qoparıb” yapışdırır öz “bığlığına” və qaçır səhnəyə. Ağahüseyn Cavadov isə birinci pərdədə bığlı göründüyü tamaşaçıların gülüş və replikalarından ehtiyatlanıb səhnəyə çıxmır. Ertəsi gün isə Mustafaya “vəd” etdiyinin öz başına gəlməsi - teatrın elanlar lövhəsində “komedik Ağahüseyn” üçün belə bir fantasmaqorik bildiriş: “Alov” tamaşasının gedişində səhnə etikasını pozduğuna görə Xalq artisti Ağahüseyn Cavadova şiddətli töhmət verilsin”...
   Tamaşaçılardan o qədər alqışlar qazanmaqlığın yanında rejissordan bir töhmət almaq nə imiş ki?
   Allah rəhmət eləsin... 
   
   Tahir Abbaslı