Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası 28 sentyabr 2017-ci il tarixində 5-ci dəfə öz qapılarını kitabsevərlərin üzünə açacaq.
28-30 sentyabr tarixində Bakı İdman Sarayında (keçmiş Əl Oyunları İdman Sarayı) keçiriləcək sərgi-yarmarkanın təşkilində əsas məqsəd ölkədə kitaba, mütaliəyə marağın daha da artırılması ilə yanaşı, Azərbaycan kitab mədəniyyətinin dünyaya tanıdılması, yerli və xarici nəşriyyatlar, kitab evləri arasında yeni əməkdaşlıq imkanlarının yaradılmasıdır.
Artıq ənənə halını alan kitab bayramı çərçivəsində dünyanın müxtəlif nəşriyyat-poliqrafiya müəssisələrinin çap işləri nümayiş olunur, tanınmış şair-yazıçılarla görüşlər, çoxsaylı təqdimatlar, ədəbi-işgüzar müzakirələr keçirilir. İştirakçı müəssisələr tərəfindən nəşr məhsullarının nümayişi ilə yanaşı, satışı da təşkil edilir.
Budəfəki sərgi-yarmarkada 100-dən çox yerli, 30-dan artıq xarici nəşriyyat, kitab evi və başqa qurumların iştirakı gözlənilir. İştirak haqqında ilkin məlumat 14 avqust 2017-ci il tarixinədək sərgi-yarmarkanın Təşkilat komitəsinə təqdim olunmalıdır.
Sərgi-yarmarkaya iştirakçı kimi qatılmaq istəyənlər (nəşriyyat, kitab evi, kitabxana, səfirlik, yaradıcı birlik və s.) iştirak sənədlərini Təşkilat komitəsindən çap və ya elektron variantında əldə edə bilərlər (tel.: (012) 493 06 80, e-mail: nrtis@mct.gov.az).
Sizi də bu böyük kitab bayramının iştirakçısı və izləyicisi olmağa dəvət edirik.