Tanınmış kinooperator, Əməkdar incəsənət xadimi Əsgər İsmayılov müasirləri tərəfindən peşəkar və yüksək insani keyfiyyətlərə malik sənət adamı kimi xarakterizə olunur. O, Azərbaycan kinematoqrafiyasında ilk rəngli ekran əsərlərinin çəkilməsinə öz töhfəsini verib.
Əsgər Cəfər oğlu İsmayılov 1 aprel 1905-ci ildə Tiflis şəhərində dünyaya göz açıb. Uşaq ikən valideynləri Bakıya köçür. O, şəhərdəki Fəhlə məktəbində təhsil alır. Rəssamlığa maraq göstərən Əsgər 1928-ci ildə Moskva Ali Rəssamlıq-Texniki İnstitutuna qəbul olunur. İki il burada oxuduqdan sonra öz razılığı ilə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna dəyişilir. Təhsil aldığı müddətdə film çəkilişlərində yaxından iştirak edir. 1934-cü ildə M.Mustafayevlə birgə “Sınmış qəlblərin haqq-hesabı” kinofelyetonunu çəkir. Daha sonra “Xəzər neftçiləri”, “Arazın sahillərində”, “Sən bunu bilməlisən”, “Sabir” və s. sənədli filmləri lentə alır.
Təhsilini 1936-cı ildə müvəffəqiyyətlə başa vurur və Bakıya dönür. Kinostudiyada “Almaz” filminin yaradıcı heyətinə daxil edilir. Məlumdur ki, “Almaz” səssiz filmdir. Ona görə də filmin inandırıcı olması üçün aktyorlarla bərabər kinooperatorların da peşəkarlığı sayəsində ekran işi uğurlu alınır...
Ə.İsmayılov az vaxt ərzində işgüzarlığı, mehriban və qayğıkeşliyi ilə diqqət çəkir, rejissorların etimadını qazanır. Quruluşçu operator kimi “Kölgələr sürünür”, “Qara daşlar”, “Bəxtiyar”, “Sovqat”, “Qəribə əhvalat”, “Səbuhi”, “Səhər”, “Kəndlilər” filmlərinin çəkilişində uğurla fəaliyyət göstərir.
“Kölgələr sürünür” bədii filmi macəra janrında olduğu üçün operator işinə maksimum imkan verilib. Əsrarəngiz təbiət mənzərələrinə geniş yer ayılıb. Mövzu isə arxeoloqların həyatından götürülüb. Filmdə elmi həqiqətlər uğrunda mübarizə aparılır. Müxtəlif yollarla alimlik adı alan və cəmiyyətə yad olan adamlar ifşa olunur.
Ə.İsmayılovun yaddaqalan ekran işləri arasında “Qara daşlar” filmi ayrıca yer tutur. Yazıçı Mehdi Hüseynin eyniadlı romanı əsasında çəkilən neftçi və geoloqların əmək fədakarlığından bəhs edir. Filmdə bədii cəhətdən həllini tapan bir neçə uğurlu səhnə var. Bunlardan biri iclas səhnəsidir. Digər epizod isə Qara daşlarda ekspedisiyanın neft axtarması ilə bağlıdır. Sal daşlar üzərində çadır qurmuş neftçilər təbiətin ağır sınaqlarına cəsarətlə sinə gərirlər. Hər iki səhnənin uğurlu alınmasında kinooperatorların zəhməti təqdirəlayiqdir.
Kinoşünas Aydın Kazımzadə Ə.İsmayılov haqqında araşdırmasında bu film ilə bağlı o vaxt “Bakinski raboçi” qəzetində dərc edilən resenziyadan bir fikri diqqətə çatdırır: “Qara daşlar” “Bakı” kinostudiyasının əvvəlki filmlərindən nisbətən bütövlüyü ilə seçilir, sovet incəsənətinin aparıcı mövzusuna həsr olunduğu üçün bu film Azərbaycan kinematoqrafiyasında xüsusi yer tutur”.
İstedadlı kinooperator özünü kinofelyeton janrında da sınayıb. Çəkdiyi “Qəribə əhvalat” qısametrajlı filmi tamaşaçılar tərəfindən maraqla qarşılanır. Filmdə yüksək operator və aktyor işi bir-birini tamamlayır. Kefcilov sərxoş vəziyyətdə hamama getmək əvəzinə Gəncəyə gedən qatara minir. Yolboyu xoşagəlməz hadisələrlə qarşılaşır. Nəhayət, başa düşür ki, belə yaşamaq olmaz...
Görkəmli sənətkarın diqqətçəkən işlərindən biri də “Bakıdan Göygölədək” mənzərə filmidir. Bu, Azərbaycanda çəkilən ilk rəngli filmdir. O, çəkilişdən əvvəl Moskvada ezamiyyətdə olur, prosesi dərindən öyrənir. Çəkilişlər başa çatdıqdan sonra film əvvəlcə Moskvada göstərilir və yüksək qiymətləndirilir. Qədim və müasir Bakıya, Gəncəyə, Göygölə həsr olunan filmdə ölkəmizin əsrarəngiz gözəllikləri sənətkarlıqla lentə alınıb.
Ə.İsmayılov yeni-yeni rəngli filmlərin çəkilməsi məqsədilə kinostudiyada dərnək təşkil edir. Xüsusi dərsliklər hazırlamağa təşəbbüs göstərir. Onun redaktorluğu ilə rəngli film texnikasına dair dərslik almancadan dilimizə tərcümə olunur.
Azərbaycan kinosu qarşısında mühüm xidmətləri olmuş sənətkar 13 noyabr 1983-cü ildə vəfat edib.
Savalan Fərəcov