Sənətşünas-rəssamın qrafika sərgisi 
   
   Aprelin 14-də Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda sənətşünaslıq üzrə fəlsəfə doktoru Xatirə Həsənzadənin “XXI əsr. Nuhun gəmisi” adlı fərdi qrafika sərgisinin açılışı keçirildi.    
   Tədbiri ARİ-nin sədri, Xalq rəssamı Fərhad Xəlilov açaraq Xatirə Həsənzadənin əsərləri haqqında bilgi verdi. O, müəllifin özünəməxsus üslubundan, mövzu rəngarəngliyindən, maraqlı düşüncələrindən söz açdı. F.Xəlilov peşəkar musiqiçinin həm də peşəkar rəssamlıq qabiliyyətini yüksək dəyərləndirdi. 
   Xalq rəssamı, ARİ-nin kitab qrafikası bölməsinin rəhbəri Arif Hüseynov peşəkar rəssamlıq təhsili olmayan X.Həsənzadənin əsərlərini bədii və texniki baxımdan çox yüksək dəyərləndirdi. 
   Rəssamın atası, Xalq şairi Nəriman Həsənzadə qızını sərgi münasibətilə təbrik etdi, tədbirə gələnlərə sayğısını bildirdi. 
   Müəllif X.Həsənzadə sərgilənən əsərləri, yaradıcılığının özəlliyi haqqında sənətsevərlərə məlumat verdi, onu sayıb gələn sərgi iştirakçılarına təşəkkürünü bildirdi. 
   Sonra sərginin açılışı oldu. Tamaşaçılar rəssamın bir-birindən maraqlı 66 əsəri ilə tanış oldular. 
   Müəllifin özünəməxsusluğu nədədir? Onun əsərlərində musiqini aydınca görmək olur. Rəssamın tapdığı formalar yalnız xəyal məhsuludur, bununla belə inandırıcıdır. Bu formaların əsasını isə naxışlar təşkil edir. Müəllif əsərlərini böyük ustalıq və incəliklə işləyir. 
   Bildirək ki, X.Həsənzadənin Azərbaycan Rəssamlıq Akademiyasında, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında, Xətai Sənət Mərkəzində, eləcə də Çində keçirilən Azərbaycan mədəniyyəti günləri, “ART Kavkaz-2014” layihəsi çərçivəsində sərgiləri nümayiş olunub. O, Rəssamlar İttifaqının, Azərbaycan Yaradıcı Qadınlar Assosiasiyasının üzvüdür. ABŞ, Avstriya, Belçika, Türkiyə və Çində şəxsi kolleksiyalarda əsərləri var. Sərgi bir həftə davam edəcək. 
   
   S.Qaliboğlu