Ötən həftə “Park Bulvar” Ticarət və İstirahət Mərkəzinin nəzdində fəaliyyət göstərən "Park Cinema" kinoteatrında bu ilin "Oskar" mükafatına iddiaçı olan "Qara qu quşu" filminin (ABŞ) media mənsubları üçün premyerası keçirildi. Təqdimat mərasimində kinozalın direktoru Namiq Quliyev çıxış edərək, bu filmin MDB məkanında ilk dəfə Azərbaycanda nümayiş etdirildiyini diqqətə çatdırdı. Rejissor Darren Aronofski tərəfindən çəkilmiş “Qara qu quşu” psixoloji trillerində baş rolda “Oskar” mükafatının nominantı Natali Portman çıxış edir.
   Filmdə balet truppasının timsalında peşəkar sənət aləmində gedən proseslərdən baş açmağa cəhd göstərən qəhrəmanın obrazı yaradılıb. Filmdə hadisələr "Nyu-York City Baletin"də cərəyan edir. Baş rolun ifaçısı olan Natali burada tanınmış balerina Nina obrazını canlandırır. O, balet truppası içərisində yeni rəqibi tərəfindən qurulmuş intriqa toruna düşür. Aktrisa Natali Portman cavan və təkəbbürlü, ikili partiya oynamaq istəyən rəqqasə obrazını canlandırır. "Qara qu quşu" filmi kriminal səhnələrlə zəngindir.
   Filmin sonu ölümlə bitir. Sənətinin ən uca nöqtəsini fəth edən baş rolun ifaçısı Nina elə səhnədəcə dünyasını dəyişir. Əsrin ən mükəmməl baletini ifa etdikdən dərhal sonra...
   Qeyd edək ki, rejissor D.Aronofski indiyədək “Restler”, “Fontan”, “Arzular üçün rekviyem” filmlərini çəkib. "Qara qu quşu" onun psixoloji triller janrında ilk ekran əsəridir.