Lənkəranda seminar-treninq keçirilib
   
   Aprelin 20-də Lənkəran şəhərində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı ilə “İKT potensialından mədəniyyət müəssisələrində istifadə yolları” mövzusunda seminar-treninq keçirilib.
   Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki Lənkəran, Lerik və Astara rayon mədəniyyət müəssisələrinin gənc əməkdaşlarının iştirak etdiyi tədbir “Google Maps” internet saytı və “Vikipediya”dan istifadə qaydalarına həsr olunub.
   Seminar-treninqin birinci hissəsində İT üzrə mütəxəssis Məmməd Əliyev “Google Maps” və digər onlayn xəritələrdən və axtarış sistemlərindən istifadə etməklə regionlarda lokal və xarici turistlər tərəfindən ölkəmizdə yerləşən muzeylər, tarixi abidə və qoruqlar, hotellər və digər müəssisələr haqqında məlumatların asanlıqla tapılmasının təmin edilməsindən bəhs edib.
   İkinci hissədə Mərkəzin İnnovasiyalar və yeni texnologiyaların tətbiqi şöbəsinin sektor müdiri Toğrul Hidayətzadə çıxış edərək sosial şəbəkələrdə ictimai proseslərə təsir etmək imkanlarını nəzərə alaraq, Vikipediya - açıq ensiklopediyada müasir informasiya texnologiyalarının və kreativ üsulların tətbiqi kimi məsələlərdən bəhs edib.
   Seminar-treninqdə iştirak edən Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Vüsal Nəsirli, Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev internet resursunda təxribat xarakterli və təhrif olunmuş məlumatların, o cümlədən, milli mədəniyyət nümunələrimizin mənimsənilmə cəhdlərinin aşkar olunması üçün istifadə qaydalarının öyrənilməsinin vacibliyini vurğulayıblar.
   Tədbirdə mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb, tövsiyələr verilib.