Xalq şairi Məmməd Rahimin 110 illiyinə həsr olunmuş tədbir
Aprelin 20-də Nərimanov rayon MKS-nin Mərkəzi kitabxanasında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Xalq şairi Məmməd Rahimin (1907-1977) 110 illiyinə həsr edilən “Sədəfli sazdakı incə bir siməm” adlı tədbir keçirildi.
Kitabxananın əməkdaşı Alina İsmayılova tədbiri açaraq şairin həyat və yaradıcılığı haqqında məlumat verdi. Bildirildi ki, ötən əsrin 20-ci illərində ədəbi yaradıcılığa başlayan M.Rahim ədəbiyyat tariximizə daha çox lirik şair kimi daxil olub. “Döyüş günləri”, “Şairin xəyalı”, “Arzu qız”, “Ölməz qəhrəman” kimi şeirləri və "Natəvan" poeması yüksək poetik ifadəliliyi ilə oxucular tərəfindən maraqla qarşılanıb. Dramaturgiya sahəsində də qələmini sınayan müəllif "Xaqani" mənzum dramını yazıb. O, həmçinin tərcüməçiliklə də məşğul olub, Ş.Petefi, P.Beranje, A.Tvardovski, A.Blok, F.Şiller və başqa şairlərin əsərlərini dilimizə çevirib. Şairin əsərləri bir sıra xarici dillərə tərcümə edilib.
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşları Mərziyyə Nəcəfova, Ruhəngiz Əliyeva, şairə Gülarə Munis, Nərimanov Rayon Qadınlar Cəmiyyətinin sədri Şəhla Mirbağırova və başqaları ədibin yaradıcılığı ilə bağlı fikirlərini bölüşdülər.
Qeyd olundu ki, gözəl musiqi duyumu olan nəğməkar şairin lirikasına müraciət edən görkəmli bəstəkarlar Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Ağabacı Rzayeva, Cahangir Cahangirov, Şəfiqə Axundova, Cövdət Hacıyev və başqaları indi də öz təravətini qoruyub saxlayan mahnılar yazıblar.
Tədbirdə Nərimanov rayon 47 və 178 saylı tam orta məktəblərin şagirdlərinin ifasında şairin şeirləri səsləndi, “Xaqani” dramından səhnəcik nümayiş olundu. Xalq şairinin sözlərinə bəstələnmiş mahnılar və haqqında lentə alınmış sənədli filmdən fraqmentlər təqdim edildi.
Lalə Azəri