Çoxdan gözlənilən premyera baş tutdu. Aprelin 18-də Sumqayıt Dövlət Dram Teatrında Süleyman Ələsgərov və İsi Məlikzadənin «Subaylarınızdan görəsiniz» musiqili komediyası əsasında hazırlanmış “Toy olsun” tamaşası ilk dəfə oynanıldı. Bir zamanlar Sumqayıt teatrına şöhrət gətirmiş məşhur aktyor dueti - Afaq Bəşirqızı və Valeh Kərimovun adı yenidən afişaları bəzədi.
Əvvəlcə əsər barədə bir neçə kəlmə. Bu əsər uzun illər Azərbaycan Dövlət Musiqili Teatrının repertuarında olub. Tamaşada da əsas obrazlardan olan Səməni rolunda Xalq artisti Afaq Bəşirqızı çıxış edib. Əslində, Sumqayıt teatrı bu əsərə də elə Afaq xanımla digər Xalq artisti Valeh Kərimovun illər sonra yenidən eyni səhnəni paylaşması üçün müraciət edib. Təbii ki, teatrın ifa-oyun istiqaməti nəzərə alınaraq, tamaşadakı duetlər, reçitativlər ixtisara salınıb, sadəcə, bəstəkarın pyesdəki komik situasiyaların açılmasına kömək edən uvertüra və keçid musiqiləri saxlanılıb. Əsər kifayət qədər məşhur olduğundan onun məzmunu barədə geniş danışmadan tamaşadan söz açaq.
Son illərin Azərbaycanda komik tamaşa və ya yumoristik serial, proqram təcrübəsi belə deyir ki, bizdə istənilən gözəl komediyanın evini yıxmaq, ən şirin yumorun şitini çıxarmaq, ən ciddi satiranı belə ucuz gülüşə çevirmək adi hala çevrilib. Və ən pisi də budur ki, tamaşaçı bunu həzm edir.
Mərhum yazıçı-dramaturq İsi Məlikzadənin gülüşü kifayət qədər ciddi, ciddi olduğu qədər də qərəzsizdir. Tamaşanın quruluşçu rejissoru, Əməkdar artist Firudin Məhərrəmov da «Subaylarınızdan görəsiniz»dəki bu gülüşün əndazəsini aşmayacaq improvizələrlə «Toy olsun»u paytaxt teatrındakı tamaşanın bənzəri olmaqdan uzaq tutub. İmprovizələrə meylli və bunları gözəl bacaran iki böyük aktyor - Afaq Bəşirqızı ilə Valeh Kərimov da Azərbaycanın əyalət insanının psixologiyasını gözəl bilən və bunu xarakterik tipajlarla çatdıran dramaturqun Səməni və Seyfi kimi koloritli personajlarını Sumqayıt tamaşaçılarına bəyəndirə bildilər. Hər iki görkəmli gülüş ustası köhnə kollektivlə birlikdə elə maraqlı sənət tandemi yaratdılar ki, salondan baxanda kimin bu kollektivdə təzə, kimin köhnə olduğu hiss olunmurdu. Halbuki aktyorlar tamaşanın mətninə, öz sözlərinə kifayət qədər ifadələr artırmaqla tamaşanın məzəlilik effektini artıra bilmişdilər.
Ən maraqlı məqamlar Fəqan (Əməkdar artist Cəlal Məmmədov) anasının adını deyərkən Seyfinin reaksiyası, nişanı qaytarılmış Mayıl (Oktay Mehdiyev) əlində iri dəftərxana kitabı ilə keçmiş qayınatasıgilə gəlib qız evinə gətirilmiş xonçalardakıları şəkərburadan tutmuş ən xırda geyimədək sadalayanda Səməninin çaşqınlığı, Seyfinin isə «bizim qapıda heç «zapı» olmayıb...» kimi sadəlövh təəccübü salonu uğundurdu.
Sumqayıt teatrının aktyorları - əməkdar artistlər Cəlal Məmmədov (Fəqan), İlahə Səfərova (Çiçək), Növrəstə Həşimova (Gülxanım), aktyorlar Sədaqət Nuriyeva (Qəndab), Akif Mirzəyev (Əbülhəsən) və Oktay Mehdiyev (Mayıl) də şöhrətli tərəf-müqabillərinə və əsər müəlliflərinin adına layiq oyun sərgilədilər.
Bizcə, Sumqayıt teatrında rejissorlar aktyor Oktay Mehdiyevin tragikomik ifa potensialını tam açmaq üçün məhz onun üzərində tamaşalar qura bilərlər. Hər halda digər müstəqil teatr layihələrində də uğurlu çıxışlarını gördüyümüz aktyor Mayıldan da böyük rolların yükünü qaldırmağı bacarar.
Beləcə, Sumqayıt Dram Teatrı öz repertuarını daha bir maraqlı tamaşa ilə zənginləşdirdi. İndi qalır digər əsas məsələ: bu repertuarı daha çox oynamaq, daha çox tamaşaçıya göstərmək.
* * *
Yaxşı aktyor, istedadının işığına insanları yığmağa hünəri çatan sənətkar istənilən məkanda tamaşaçıları öz cazibəsinə salmağı bacarır. Əgər bunun üçün imkan yaradılırsa, onunla işləmək istəyən rejissor, kollektiv, nazını çəkməyə hazır rəhbərlik varsa, «Toy olsun» kimi layihələr niyə olmasın? Qoy olsun!..
Gülcahan Mirməmməd