Azərbaycan Dövlət Musiqili Teatrı may ayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı hazırlıqlarını başa çatdırıb. Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev bildirib ki, kollektiv gələn ay xüsusi repertuar əsasında fəaliyyət göstərəcək: “May ayında teatrımızda 26 tamaşanın nümayiş edilməsi nəzərdə tutulur. Mayın 5-dən 30-dək demək olar ki, hər gün 2 tamaşa təqdim olunacaq. Nümayişini planlaşdırdığımız səhnə əsərlərinin siyahısına klassik, müasir və uşaq tamaşaları daxildir. Gələn ay şəhərimizə müxtəlif ölkələrdən çoxsaylı qonaqların - turistlərin, azarkeşlərin gəlməsini nəzərə alaraq repertuarımıza ingilis dilinə tərcümə olunmuş bir sıra əsərləri də daxil etmişik. Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun”, “Ər və arvad”, Ə.Haqverdiyevin “Kimdir müqəssir?”, O.Kazimi və R.Heydərin “Qızıl toy”, R.Hacıyevin “Talelər qovuşanda” və başqa əsərlər ingilis dilində titrlər vasitəsilə əcnəbi qonaqlarımıza təqdim olunacaq”.
Direktor qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə repertuardakı əsərlərin tərcümə edilməsi tamaşaların xarici dillərdə nümayişinə şərait yaradır: “Biz artıq bu təcrübədən istifadə etmişik. 2015-ci ildə I Avropa Oyunları zamanı Azərbaycana gələn qonaqlar, digər mötəbər tədbirlərin əcnəbi iştirakçıları ingilis dilində titrlər vasitəsilə müxtəlif tamaşalarımızı izləyiblər. Teatr IV İslam Həmrəyliyi Oyunlarına hazırdır. Qonaqlarımızın yolunu səbirsizliklə gözləyirik. İnanırıq ki, onlar Azərbaycandan xoş təəssüratlarla ayrılacaqlar”.
Lalə Azəri