Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə həyata keçirilən “Emalatxanada görüş” layihəsinin ikinci mərhələsinə start verilib. Layihənin konsepsiyası gənc sənətşünasların iştirakı ilə tanınmış rəssamların emalatxanalarda iş prosesləri ilə yaxından tanış olmaq, canlı ünsiyyət və həmin mühitdə müzakirələrin aparılmasına təkan verməyi özündə ehtiva edir.
Bu mərhələdə ilk görüş aprelin 6-da Əməkdar rəssam Sakit Məmmədovun emalatxanasında keçirilmişdi.
Aprelin 18-də Əməkdar rəssam, tanınmış heykəltəraş Hüseyn Haqverdi ilə görüş keçirildi. Görüşdə Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşları Nərgiz Əsgərova, Vaqif Muğallı, Əminə Manafova, Həmidə Süleymanova, Tahirə İsmayıllı, eləcə də Dövlət Rəssamlıq Akademiyasının, Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq fakültələrinin tələbələri Nərmin Kərimli, Anar İbrahimov, Sevinc Quliyeva, Sevinc Cəfərova, Emil Ağayev, Nərgiz Əbdürrəhmanova, Elçin Hüseynov, Ülkər Əliyeva iştirak edirdilər.
Öncə gənc sənətşünaslar Hüseyn Haqverdinin yaradıcılığı ilə yaxından tanış oldular, sonra onları maraqlandıran suallarına ev sahibindən cavablar aldılar. O, bildirdi ki, tanınmış rəssamlar nəslinin nümayəndəsi kimi bu sənət onun taleyidir. Qeyd etdi ki, rəssam Həsən Haqverdiyevin ailəsində böyüyüb. Atası övladlarının rəssam olmalarını istəyib, bunun üçün qayğı göstərib.
H.Haqverdi həm heykəltəraş, həm də rəssamlıq sənətinin bir yerdən qaynaqlandığını, ikisinə də eyni istəklə yanaşdığını söylədi. Akademik təhsil alsa da, avanqard, mücərrəd sənətə meyl etməsini ayrı-ayrı üslublarda işləmək istəyilə əsaslandırdı.
“Yaratdığınız sonuncu heykəl hansıdır?” sualına cavab olaraq heykəltəraş dedi: “Sonuncu düzlətdiyim heykəl mərhum Xalq yazıçısı Maqsud İbrahimbəyovun qəbirüstü abidəsidir. Bu heykəli qranitdən 7 aya yondum. İşə çox məsuliyyətli yanaşırdım. Məncə, uğurlu bir iş alınıb”.
H.Haqverdi sənətkarın hər zaman içdən azad olmasının tərəfdarıdır. Belə olmasa, onda heç bir yaradıcılıq baş verə bilməz. İlham pərisi məsələsinə gəlincə isə belə dedi: “Hər sənətkarın gözəl və ağıllı bir qadına, ömür yoldaşına ehtiyacı var”.
Heykəltəraş əsərlərini daha çox daşdan düzəltdiyini bildirdi. Onun sözlərinə görə, Azərbaycanda heykəl düzəltmək üçün təbii daşlar var. Sənətkar ağlay və qranitdən əsərlər yaradıb. Həmçinin əsərlərini müxtəlif ağaclardan yonur. Deyir ki, hər ağacdan, materialdan heykəl düzəltmək olar. Di gəl ki, gərək hansı əsərin hansı materialdan düzələcəyini biləsən: “Məsələn, çoxdandır Xocalı mövzusunda heykəl düzəltmək istəyirəm. Ənənəvi materialda həmin əsəri təsəvvür edə bilmirəm. Mənə elə gəlir ki, o əsər dəmirdən olacaq”.
“İdeyalar, mövzular necə yaranır və onları necə gerçəkləşdirirsiniz?” sualını sənətkar “Olur ki, gözəl bir ideya, mövzu tapıram, ancaq onun biçimini tapa bilmirəm. Bir də görürsən uzun zamandan sonra biçim yaranır. Bəzən mövzu elə biçimlə birlikdə gəlir” - deyə cavablandırdı.
Bildirək ki, “Emalatxanada görüş” layihəsinə gənc sənətşünasların cəlb edilməsində məqsəd onlarda təqdimat aparma və yaradıcı müzakirə vərdişlərinin təkmilləşməsinə stimul yaratmaqdır.
S.Qaliboğlu