İstanbulun Taksim Kültür Mərkəzində Azərbaycan kinematoqrafçılarının çəkdiyi «Kazım Qarabəkir Paşa» sənədli filminə baxış olub. Tədbirdə İstanbul Azərbaycanlıları Kültür və Sanat Dərnəyinin üzvləri, Qarabəkir ailəsinin üzvləri iştirak ediblər.
   Məlumat üçün deyək ki, «Kazım Qarabəkir Paşa» filminin ilk nümayişi 2009-cu ildə Ərzurumda və Azərbaycanın “El” regional telekanalında (Yevlax) olub. Regional kanal bu diqqətə görə “Kazım Qarabəkir Paşa mükafatı” ilə təltif edilib. Bundan başqa, filmin rejissoru Tahir Əliyev və operatoru Taleh Məhərrəmov da mükafata layiq görülüblər.
   2009-cu ildə ekranlaşdırılmış filmin ssenari müəllifi Güllü Məmmədova, prodüseri Böyükağa Məmmədovdur.
   Xatırladaq ki, general Kazım Qarabəkir (1882-1946) Azərbaycanın istiqlal tarixində önəmli rol oynamış şəxs, Türkiyənin görkəmli hərbi və dövlət xadimidir. 1919-cu ildə Osmanlı ordusunun Şərq cəbhəsinə komandanlıq edən Kazım Qarabəkir paşa Naxçıvanın erməni-daşnak işğalından qorunmasında, bu bölgənin tarixi Azərbaycan torpağı olaraq qalmasında müstəsna xidmətlər göstərib.