Dənizçiykən “iki qulac” (“mark twain”) terminini təxəllüs götürsə də, ədəbiyyatda nəhayətsiz məsafələr qət etmiş Mark Tven
   
   Bu “açı”lardan; müasirlərinin “Amerika ədəbiyyatı Mark Tvendən başlayır” qənaəti və “mətbu müsahibələr kralı”nın əbədi tabu-stixiyalara münasibəti:
   “- Mister Tven, atanızın sözündən çıxdığınız hal da olubmu?
   - Olub... Öyüd-nəsihətlərinin birində mənə qeyri-əxlaqi yerlərə getməməyim barədə möhkəm-möhkəm tapşırsa da, bir neçə gündən sonra getdim. Və... onu birinci sırada oturmuş görüb, möhkəmcə utandım...”
   Əslində, bu “ata”-obrazı ilə “danlaq şakərli” valideynlərə dərs vermək istəyən ədib öz atasını on bir yaşındaykən itirmişdi.
   Markın “kompliment”bazlar bostanına atdığı bir obraz-daş da, sözün hər iki mənasında çox ağırdır: “- Ooo, xanım, Siz necə də gözəlsiniz! - Təəssüf ki, mən bu sözləri sizinçün deyə bilməyəcəyəm! - Neynək, onda siz də mən etdiyimi edin - yalan deyin...”
   
   Və obrazsız gerçəkliklər... 
    
   Yeddi uşaqlı ailənin altıncısı olmuş Samuel Klemensin sonralar dünyaya səs salası əsərlərinin əsas kökləri dörd yaşındaykən köçdükləri Missisipi çayı ətrafındakı Hannibala şəhəri və bu bölgədəki müşahidələrindən rişələnib. Dolanışıq çətinliklərindən məktəbi buraxmalı olan Samuel əvvəlcə bir mətbəədə, sonra böyük qardaşının qəzetində çalışıb. On səkkiz yaşında “dünyanı kəşf” arzusuyla ABŞ-ın müxtəlif əyalətlərini səyahətə çıxıb, dörd il sonra Missisipi çayındakı buxar gəmilərində çalışırkən, bir gecə yuxusunda qardaşının gəmisinin yanmasını və sabahısı bu hadisənin eynilə reallaşmasını görüb psixoloji sarsıntı keçirir. 24 yaşlı gəmi kapitanıykən, üzmə üçün lazımi dərinlik normasını (“mark twain” - iki dəniz qulacı, 3,7 m) bildirən termini təxəllüs götürərək sırf yazıçılıq eşqinə düşsə də, zənginləşmək xəyalilə mədənçilik və “digər təmayüllü biznesmenliklər” etməkdən də qalmayan, lakin müvəffəqiyyətsizliyə uğrayıb yenidən qəzetçiliyə qayıdan bu “qarmaqarışıq” oğlan 30 yaşında yazdığı “Kalaveras ölkəsinin məşhur tullanan qurbağası” adlı yumoristik hekayəsilə “dünyada hamıdan çox atdanıb-düşən” ölkəsində görünməmiş sürətlə məşhurlaşıb, yüz ildən çoxdur dillərdən düşməyən Mark Tvenə çevrilir...
   Ahıllıq çağlarında da müstəmləkəçiliyi, irqi düşmənçiliyi, izafi qazanc ehtirasını, dini ikiüzlülüyü, amerikanların statistik aşağı qismində hər gün, seçilmiş yuxarı təbəqəsində günaşırı yaşanan “ecazkar psixo-katastroflar”ı çox sərt bir dillə tənqid etməsinə baxmayaraq, bu “acı adam”ın yetmişinci yaşı (1905) Ağ evdə şərəfinə verilən dadlı yeməklər, qürur-əyilməzlik şərəfinə edilən ləzzətli nitqlərlə qutlanıb. 
   “Acıdan acı Mark”ı yazıçı kimi də “qəbuledilməz” hesab edən bəzi çağdaşlarından fərqli olaraq, sonrakı məşhur isimlər bu ədibin “Amerika ədəbiyyatının atası” olduğunu (Vilyam Folkner), “müasir Amerika ədəbiyyatının Tvenin “Haklberri Finin sərgüzəştləri” romanından törədiyini” bildirdilər. 
   Bu dahi ədib və bənzərsiz şəxsiyyətin digər çalışmaları kimi, çağında çap qisməti də bəd gətirib. Bir çox yazısını nəinki müasirlərinin, hətta bir əsr sonrakıların da qəbul etməyəcəklərini bildirən ədib çap edilən əsərlərinə məktəb və ictimai kitabxanalarda qoyulan qadağaları “möcüzəvi bir laqeydliklə” qarşılayarmış. Bəs həmin qadağa bəhanələri nəymiş? Fövri satiriklərində və dövri komedilərində Amerikanı “ağ yuyub qara sərməsi”, bədiilərində - bu “yığma” ölkənin (amma həm də total dövlətin!) amir qisminin məzlum dəryaya münasibətinə rəğmən mental “mitilini atması” və sair... 
   Bu “qatı Amerika düşməni” birinci qızının ölümündən sonra 10-16 yaşlı qızlar üçün “Aquarium Club” yaradıb, onları özünün mənəvi nəvələri adlandırıb, onlarla tez-tez məktublaşıb, konsert və teatrlara aparıb. Bir müddət sonra kiçik qızının da ölməsi, dünyanın bütün kimsəsiz uşaqlarına atalıq etmək arzusu ilə yaşamış bu yazıçını nəinki hədəflədiyi digər mövzuları işləməkdən, hətta, 1906-cı ildə yazmağa başladığı bioqrafiyasını tamamlamaqdan da qoyub. Ömrü uzunu yaşadığı şəxsi-ictimai-psixoloji gərginliklərdən və ailəsindəki silsilə tərketmələrdən yaranan sarsıntılar Tvenin kəskin ürək narahatlığına səbəb olur və o, 1910-cu il aprelin 21-də vəfat edir.
   Öz həyat və yaradıcılıq kompleksi ilə, sonralar həmkarlarının birində “Çox ağır şəxsi faciələr yükü altında olan insan cəmiyyət yükünü də çəkəcək qədər güclüdürsə, o insan dahidir” təəssüratı oyatmış Mark Tven ölənədək yorulmayıb. Əksinə, ölkənin daha vacib işlərini buraxıb, qələm silahlı bir ədibin izinə düşənləri yorub. İctimai-siyasi sancı-sancmalarına görə əksər yazıları çap edilməsə də, nə tənqidlərindən usanıb, nə xeyirxah əməllərindən. Getdiyi, gəzdiyi yerlərdə də ki, yalnız bəşəri çağırışlar: insanlıq, qadın-kişi bərabərliyi, irqçiliyə son, təhsil və s.
   Ömrünün sonuna doğru ard-arda baş verən faciələrə - üç övladını, həyat yoldaşını və ən yaxın dostunu itirməsinə, ölümcül xəstəliyə tutulmasına baxmayaraq, həyat-ovqat “kardioqram”ının çox əla tonalda olduğunu təxəllüsüylə də elan etmiş və doqquz hikmətindən biri olan “Kədəri tək yaşamaq olar, ancaq sevincdən tam həzz almaq üçün kiminləsə bölüşməlisən” frazası ilə “bəşəri hisslər dağıdıcısı” hesab etdiyi bədbinliyə meydan oxuyan bu ədibin yumor hissini “Amerikanın major ovqatı” kimi qələmə verənlər də olub. Hətta çağdaşları onun öldüyü barədə yayılmış şayiəyə öz qəzetində verdiyi “Bir qədər şişirdilib...” reaksiyasından sonra belə bir dilemma qarşısında da qalıblar: “Bu Tven, sadəcə, uğundurucu yumoristdir, ya mütəfəkkir müdrik?!.”
   Hörmətli oxucularımıza ərz edim ki, elə bu saat bəndəniz də onunla bağlı bir “dilemma” qarşısında qalmış: həcm “problem”li bu kiçik yazını dünyəvi ədibin şedevr əsərləri, ya dünya durduqca postulat-hadisələr kimi dəyərləndiriləsi yumoristik-müdrik kəlamları ilə davam etməli? Və fövri qənaətim: onun geniş (və “mürəkkəb”) həcmlilərindənsə, “asan-atüstü” yığcamlarından.
   Öncə, müasirlərinin ilk “təyinat”ından -
   
   “Sadəcə uğundurucu”luğundan: 
    
   Bir gün M.Tven tez-tez anonim məktublar da aldığı oxucularından birinin qoşa vərəqli kağızında bircə söz görür: “Donuz”.
   Ertəsi gün o, öz qəzetində belə bir elan dərc edir: “Mən vaxtaşırı imzasız məktublar alıram, dünənsə məktubsuz imza aldım...”
   * * *
   Bir gün o, “birisi” barədə dərc etdiyi çox sərt bir məqaləni bu sözlərlə qurtarır: 
   “Cənab N. hətta üzünə “tfu” edilməyə də layiq deyil”.
   Bundan çox əsəbiləşən “cənab N.” qəzeti məhkəməyə verir və tələblərindən biri də bu olur ki, redaktor təkzib verib, üzr istəməlidir. Məhkəmənin qərarını yerinə yetirmək çıxılmazlığında qalan yazı müəllifinin təkzib üzrü isə, farsların “üzr bədtər əz günah” məsəlinə müvafiq olur: “Biz səhvimizi etiraf edib, sözümüzü geri götürürük. Belə ki, cənab N. üzünə “tfu” edilməyə layiqdir...”
   * * *
   Çox yaxın dostu “düz bir ayın tamamında” qaytaracağı şərtilə Markdan borc götürür və verdiyi vəddən xeyli keçmiş qəzetdə belə bir elan oxuyur:
   “Ay yarım əvvəl “əgər ölməyib sağ qalsam, düz bir aydan sonra qaytaracağam” deyərək məndən 500 dollar borc almış çox əziz, öz vədinə sadiq, sözübütöv dostum Harri Dunkanın vəfatı ilə əlaqədar yaxınlarına dərin hüznlə başsağlığı verirəm.
   Allah rəhmət eləsin”.
   Ay yarım “tapılmadığından” bütün şəhəri özünə güldürməli olmuş “rəhmətlik” bir saat keçməmiş Tveni tapıb, pulunu qaytarır...
   
   Və “mütəfəkkir müdrik”liyindən:
   
   Yaş yalnız sizin şüurunuzdadır. Əgər o haqda düşünmürsüzsə, deməli, o, mövcud deyil.
   Gülüş - insana məxsus olan ən güclü silahdır; heç kim incə yumor həmləsinə duruş gətirə bilməz.
   Qəzəb - içində saxlandığı qabı aşındıran turşu kimidir - saxlandığı qaba - töküldüyü qabdan daha çox zərər yetirir.
   Sanmayın ki, dünya sizə nədəsə borcludur. Uşaqkən lazım olan çox şeyi valideynlər təmin etdiyindən, bizə elə gəlir ki, sonralar bunu dünya davam etdirməlidir.
   Hər iyirmi-otuz ildən sonra siz etdiklərinizdən daha çox, etmədiklərinizə görə təəssüflənəcəksiniz...
    
   Tahir Abbaslı