“Xalq qəzeti”nin əməkdaşı, Əməkdar mədəniyyət işçisi, “Zərdabi”, “Qızıl qələm” təltifatçısı, üçillik tələbə, qırx yeddi illik həyat dostum və... hər gün-günaşırı görüşdüyüm Əlipənah Bayramova “Həyatım, mühitim” kitabıyla ilgili 
                                                      M Ə T B U M Ə K T U B 
   
   Gün aydın, əfəndim! 
   Və əgər, hər gün-günaşırı görüşdüyümüz halda (habelə kommunikativ imkanların ayaq açıb yürüdüyü bir dövrdə), jurnalistika təsərrüfatımızın “sual oluna bilər” ritorikası ayağından “nədən məhz məktub?” təəccübü yaşasan, bunun səbəbi-“əmma”sını özündə gör...
   
   Nədən ki, qadam, sən biz dostlarının bir sıra fərdi-ictimai hal-hərəkət fəaliyyətlərimizlə bahəm, Tanrının öz “məzlum” (və bir az da ədəb-irfani) bəndələrinə lütfi-qənimətlərindən olan (və bu kitabın çap xərcini çəkən) Səfərov Qənimət dostumuzun hərdən cəmlədiyi məclislərdə geniş tost “yaradıcılığımız” üzərində də qatı bir senzorluq edir, barəndə deyilən tərif-təqdirlərə özünəməxsus “kişmişi-bişmişi” gülüşlərinlə istehzalanıb, öz halal-haqqın olan öygü-sevgi nitqlərimizi alayarımçıq kəsirsən... 
   Beləliklə, böyük elm, sənət, mədəniyyət xadimlərimiz və... indilərin gözündən bir xeyli düşmüş əmək (əql-aqili baxımdan “əppək”!) qəhrəmanlarımızla çox maraqlı müsahibələr və “məhəlli-çəpəriçi”likdən xali ləzzətli nəsil-şəcərəvi “memuar”dan ibarət bu kitabından xeyli geniş danışmaq fürsətim... 
   
   Öncə milli-məfkurəviliyindən
   
   Bəri başdan qeyd edim ki, sən, bu kitabçün seçdiyin müsahiblərinə verdiyin dipdiri sorğu-suallarla həmsöhbətlərini Qələmin bütün ədəbi-bədii-publisistik imkanları daxilində təqdim etməklə bahəm, “sətir-xatir”ə almadan yaratdığın xəyalat ab-havalarıyla, həyat səhnəsinin bu seçkin (və sənədli) obrazlarını çox həssas, duyğusal bir rejissor-aktyor tandemliyilə vizuallaşdırmısan da. Məsələn, gör sən M.C.Cəfərovla necə bir paritet müsahiblik aurası yaradıbmışsan ki, dünyanın çox bərk üzlərini görmüş (deməli, emosionallıq-sentimentallıq “boşluq”larından xeyli xali) akademik, Cümhuriyyətin göndərişilə Türkiyədə təhsil alıb qayıtmış say-seçmə 25 nəfər naxçıvanlı gəncin 1925-ci il gecələrinin birində həbs edilib bir daha geri qayıtmadıqları faktından “məşhur-məşum 37-38 aktları”na keçmək istərkən “Unuda bilmədiyim belə xatirələrin hamısını danışsam, Sizi çox kədərləndirə bilərəm” - deyərək susub...
   Hələ o dövrün (əslində, əsrin!) “biyabırçı faktlarından” olan - vur-tut 12 yaşlı Abbas Zamanovu (bir danosbazın “belə olmaz axı, “kulak” oğlu uşaq evində asudə yaşayır” məktubu səbəbilə) MK katibi Əliheydər Qarayevin qəbuluna çağırtdırmasını, səhnə sənətimizə canlı həyat gətirmiş Nəsibə Zeynalovanın “sənəd” nəqliliyini, poeziyamızı büsbütün təbiətləşdirmiş Musa Yaqubun nəsri qənaətlərini, milyonçu Şəmsi Əsədullayevin ABŞ-da yaşayan nəvəsi Züleyxa xanımın düşüncə-daşıncalarını əsl publisistik “bişirim”lər vasitəsilə müstəqil Azərbaycan oxucularına müqəddəs VƏTƏNCİLLİK təlqinlərin... 
   Və hələ (qəzetçiliyin “əlifba” tələblərindən olan “həcm” probleminə görə) burda qeyd edə bilmədiklərim!..
   Maraqlıdır, sənin uzun illər “Həyatım, mühitim” rubrikası altında dərc etdirdiyin “37-38” yaralı yazılarının sayı da 38!..
   
   Bir az da şəxsi “mənafe”liyindən...
   
   Demə, sənin (və “tələbə-tələb” eşqinin əla “tandem”lərindən Əli Şamil və İsrafil Qurbanovun) ovaxtların tək elə rəsmi dövlət universitetinin yox, həm də qeyri-ordinar böyük milli-ictimai “Çöl” universiadası Müəllimlərindən Abbas Zamanov, Bəxtiyar Vahabzadə, Mir Cəlal kimi nəhənglərin məlum “ideoloji cızıqdanxaric” dərslərinin, hərdən müdriklərə müraciətən, “ağır” mühazirələrin gözünə qatdıqları “Babəkin ayaqlarını kəsdilər, lakin həm də ona bütün dünyanı gəzəsi şöhrət ayağı verdilər”, “Dostlar - üzvlərini özümüz seçdiyimiz bir ailədir” kimi “ədviyyat”ların fərqinə bizdən fərqli varmağın da elə-belədən deyilmiş. Həmin “varma”ların - köhnə ədəbi ibarəylə desək, “inikasını” və günümüzü sarmış ticari (“...alanlar bilər”) təbirlərdən biriylə davam etsək, faydasını bu kitabı oxuyanlar görə və bilə bilər... 
   Diqqətinə bunu da çatdırım ki, Sən (öz dədə-babavari ağır-ağsaqqallığın, “diktat” tələb-təpingənliyinlə gözümüzün odunu hələ tələbəlikdən almağın “bəs deyilmiş” kimi) sonralar bizim ictimai-etik davranış, işgüzari irəli-geriləmələrimiz üzərində məsul-məsum bir böyük qardaş hamiliyi, sərt “valideyn”i bir nəzarət də edirdin. Bu qəbil yüzlərlə misaldan (“közü öz qabağına çəkmək” məsəlinə hədəf olsam da) iki “özəl”ini xatırlatmaq istərdim. Məzunluğumuzun ikinci ili ovaxtkı “Ədəbiyyat və incəsənət” qəzetində dərc edilən (əvvəli xalvar-xalvar tərif, sonu dinar-dinar tənqid olan “Tənqid və biblioqrafiya”lara “Tərif və bülbüloqrafiya”) parodiyamı məşhur “Məmmədəli” kababxanasında uşaqlara (bu da bir “parodiya” ki, mənsiz...) bahalı bir qonaqlıq verməklə “yudun”, iki-üç gün sonra isə, küçədə bir ağsaqqala cavab qaytardığıma görə, üç-dörd gün üzümə baxmadın...
   Buxəntərə ciddi, “köhnə kişi” ola-ola, dostlarla hər rastlaşma-xudafizləşmədə- bütün problemlərini unudub, qeyri-adi bir energetika ilə “yumoristik”ləşən əziz və ariz ƏliPƏNAHIMIZ! Ərz edim ki, sənin bu ciddi kitabın haqdakı tamamilə sərbəst, ərk “janr”lı bu resenziv-“biblioqrafiya”mı elə o... “o mehriban, o əziz tələbəlik illəri” ab-havasıyla - tər-təbəssümi bir haşiyeyi-xitabla davam etmək istər könül... 
   Məsələn, ey öz “avtoqraf”ında məni “Tələbəlik illərinin unudulmaz anlarını birlikdə yaşadığımız dostum...” deyə qələmə vermiş qardaşım, bəyəm o “unudulmaz”lıq qənimətləri bu həyat-mətbuat-dostluqat dünyasına Sənin kimi universal təəssübkeş bir övlad bəxş etmiş qəni-qəni rəhmətliklərin - Gülbala Kişinin yalnız elə bazar səxavətliliyi və bu kitaba qədər adını “Ana” bildiyimiz Nanə Xanımın “imkansız tələbə dostlarına aşbazılığı”ndanmı ibarət?!. 
   Nəysə... Yox, hərdən öz məşəqqətli həyat yaşantılarından şipşirin folklorik-etnoqrafik vitaminli kəlmə-kəlamlarla etdiyi ləzzətli söhbətlərinə “Bu dünya baqidi-baqi, hara çəksən - gedər ayaqi” məsəlilə xülasəsindən sonra (və “ay uşağlar, başuuzi çox ağrutdum, indi də gedəy kefüüz isdiyən aşxanada dişüüzi ağrıdım” sözlərindən əvvəl) işlətdiyi akkord-ifadə: -
   
   “Əlqərəz”... 
   
   Eşitdim on-on beş gün öncə, böyük nəvələrinlə növbəti “ev diskusiyası” zamanı ulu Mirzə Cəlilin “Anamın kitabı” əsərini onlara “milli-irfani bir ağı” kimi təqdim-təlqin edirkən büsbütün kövrəlmiş, elə bu heynidə qucağındakı “Həyatım, mühitim”in ağırlığı altında səntirləyə-səntirləyə otağa girən 3 yaşlı Farizi (tələbəliyimizdə tez-tez bizi qələm “duel”inə çağıran rəhmətlik Rüstəmov Farizimizlə dual nəvəni) görüb gülümsünmüş və kiminsə “balası, o qucağındakı nədi elə” sualına o uşağın fəxrlə “Babamın kitabı!” cavabına, lampasöndürəsi bir şaqqanaq çəkibsən... 
   Bilirəm, əfəndim, sənin müdrikanə utancaqlıq fon-tonlu o şaqqanağın bu kitabın təsadüfən cari diskussiya predmetilə “alternativ”ləşdirilməsindən yana, bir çox mental nəsnələri urvatdan salınmış bu dünyada “öz dağarcığını çuvallar cərgəsinə çəkən”lərin öz məhəlli matahlarını ümummilli ədəbi-mədəni-mənəvi meyarlarla arbalaşdırma cəhdlərinə rəğməndir. Çox güman ki, sənin hərtərəfli davamçın olası o cocuqsa, hələlik gün kimi günahsız... 
   Nəhayət, indilərin (və sonsuz gələcəklərin) bütün halal-ümmət qələmçi dədə-babalarına bu tonallıq-polifoniklikdə gülüşlər, maddiyyatca bəxtli, ictimai-xəlqi ünsiyyətcə “bəxtsiz cavan”larına Sən nam-nişanlı dostlar və “tələbəlik illəri”nin antonimi olan “qocalıq sənələri”ndə də unudulmaz anlar yaşamaq arzu-murazlı:
   
   Tahir Abbaslı