Devid Linç: “Ənənəvi film onunla müqayisədə dinozavr kimi görünür” 
   
   Bu yaxınlarda Amerika müstəqil kinosunun ən tanınmış nümayəndələrindən biri, rejissor Devid Linçin 65 yaşı tamam oldu. Linç o rejissorlardandır ki, onun filmlərinə tez-tez psixoanalitiklər müraciət edir. Çünki Linç ekran əsərlərində insan qəlbinin dərinliyinə enir. 
      
   Onun qəhrəmanlarının psixoloji zədənin qaçılmaz qayıdışından əziyyət çəkməsi, çox vaxt özləri haqda ağrılı həqiqəti qəbul etmək istəməməsi psixoanalitklərin diqqətini çəkir. Linç filmlərini yozmaqdan qaçır, o, kinonun xüsusi təcrübə olduğunu, onu sözlə ifadə etməyin mümkünsüzlüyünü iddia edir. Rejissorun üslubuna sürrealizmin parlaq detalların bolluğu, mistiklik, psixologizm xasdır.
   Gənc yaşlarında rəssamlıq, heykəltəraşlıq və foto ilə maraqlanan rejissor yaradıcılığına animasiya filmlərindən başlayıb. Linç ilk tammetrajlı “Eraserhead” ekran işində dolaşıq, sürrealistik və dərin təəssürat yaradan tutqunluğu özündə əks etdirən film yaratmaq istedadını göstərib. Şüuraltı qatlara “səyahət edən” filmdə qəhrəmanlar və məkanlar daha çox metafora xarakteri daşıyır.
   1980-cil ildə rejissorun ekranlaşdırdığı “Fil adam” filmi 8 nominasiyada “Oskar”a namizəd olub. Film eybəcər hala salınmış qəhrəmanın onu əhatə edən normal insanlardan daha vicdanlı olduğundan bəhs edir. 1986-cı ildə isə Linç qalmaqallı - patriarxal Amerika şəhərini nəzarətdə saxlayan məxfi cinayət şəbəkəsindən bəhs edən “Mavi məxmər” trillerini çəkir. 1990-cı ildə onun Kann festivalında nümayiş etdirilən “Qəlbən vəhşi” ekran əsəri tənqidçilərin birmənalı reaksiyasına baxmayaq, Bernardo Bertolluçinin başçılıq etdiyi münsiflər heyəti rejissora baş mükafatı verdi. Son onilliyin ən yaxşı filmlərindən sayılan ”Malholland Drayv” (2001) psixoloji trillerində rejissor yenə insanın şüuraltı dünyasını tədqiq edir.
   Linç son filmini - “Daxili imperiya”nı rəqəmsal kamera ilə çəkib. Rəmzlər və mistik eyhamlarla dolu “Daxili imperiya” bədbəxt hadisəyə düşən müəmmalı qadından bəhs edir. Burada reallıq mistik bir dünya ilə qarışır.
   “Süddeutsche Zeitung” qəzetində rejissorla müsahibə dərc edilib.
   
   - “Daxili imperiya” müəmmalı “Malholland Drayv” kimi radikal və dolaşıqdır.
   - Əslində bu film abstrakt əsərdir. Mənim dolaşığa düşmüş tamaşaçıya yeganə məsləhətim odur ki, ona qəbi ilə baxsın və bununla yanaşı tamamilə öz şəxsi intuisiyasına etibar etsin. İntuisiyaya güvənməmək olmur. Anlayış, dərketmə abstraksiyadır və əslində o, intuisiya vasitəsilə meydana gəlir. Biz daima həyatda özümüzün intuisiyamıza arxalanırıq, amma kinoda buna asanlıqla alışmırıq. Film istehsalı zamanı ağlımdan keçəni çəkmək istəyirəm. Kifayət qədər dözümlə bir ideyanı gerçəkləşdirirəm. Əgər doğrudan da bir ideyaya mübtəla olursunsa, o zaman digər ideyaların davamı gəlir. Müəyyən rejissorlar onların filminin necə görünməli olduğunu dəqiq bilir. Hər şey hərəkətdən, ideyaların axınından asılıdır. Mənim filmim artıq çəkilişdən öncə mövcud olur və sadəcə fraqmentləri, simaları, sözləri, ton və məkanları toplayıb birləşdirirəm.
   - Nədən filmdəki hadisələr Hollivudda və Polşanın sənaye şəhəri olan Lodzda baş verir?
   - Mən Lodzda keçirilən bir festivalda oldum və şəhərin qış görüntüsünə vuruldum. Orada möhtəşəm toxuculuq fabriki var. Şəhərdəki viranəliyi, onun qədim arxitekturasını və boz, demək olar ki, anlaşılmaz işığını sevirəm. Polyaklar Lodzu bəyənmirlər, amma mənim gözümdə bu gözəl şəhərdir.
   - Film aktrisa Laura Dernsiz mümkün ola bilərdi?
   - Yox, o, böyük aktrisadır. Həmçinin cəsarətlidir və bütün sərhədləri adlayır. Bu film Lauranın çox müxtəlif tərəflərini kəşf etdi. Onun filmdəki monoloqunu əsrarəngiz sayıram. Biz çəkiliş zamanı çoxlu məşq etdik və səhnədən-səhnəyə istəyimizə nail olduq. Və sonda hər şey bir-birinə uyğun gəldi.
   - Laura Dern filmdə həm aktrisa, həm də sadəlövh, qorxudulmuş qadındır.
   - Qadınların çoxu daim gün ərzində dəyişir. Səhər işə gedirlər, amma axşamlar başqa adam kimi evə gəlirlər.
   - Hollivud haqda görüntüləriniz “Mulholland Drayv”dən bəri tutqunlaşıb.
   - Hollivud cəhənnəmə dönüb. Vaxtilə möhtəşəm olan Hollivud bu gün kabusa bənzəyir. Hollivud filmlərimdə hər dəfə ona görə peyda olur ki, reallığı müxtəlif versiyalarla - böyük münaqişələrdə və kontrastlarda daha yaxşı göstərmək mümkündür. Tamaşaçının qəlbinə yolu tapmaq üçün bir aktrisanı ağlatmaq yetərli deyil. Kədərə səbəb olmaq üçün kinoda başqa, abstrakt vasitələr də var. Tamaşaçı film izləyəndə onu özünün daxili vəziyyətinə əsasən hiss edir.
   - Nədən siz kinolentə yox, videoya çəkirsiz?
   - Rəqəmsal texnologiya gerçəkliyə çevrilən köhnə arzudur: materialı çəkmək daha asandır, kiçik komanda ilə işləyirsən, vaxt itirmirsən və monitorda gördüyün son nəticəyə dəqiqliklə uyğun gəlir. Mən bu yeni texnologiyanı sevirəm, çünki o mənə aktyorlarla söhbətləşməyə və eyni zamanda çəkməyə icazə verir. Rəqəmsal kino gələcəyin kinosudur. Ənənəvi film onunla müqayisədə dinozavr kimi görünür. Mən heç zaman bu dinozavra geri dönmək istəmirəm.
   - Bir rejissor kimi meditasiya sizin işinizdə hansı rolu oynayır?
   - Mən 33 ildir ki, hər gün iki dəfə transendental meditasiya edirəm. Bu prosesdə xoşbəxtlik, tamlıq, şüur var. Qorxu, depressiya, stress, nifrət, qəzəb - hər şey yox olur. Biz normal halda beynin 5 faizindən istifadə edirik, amma tədricən onun sonsuz potensialını aktivləşdirə bilərik. Bu potensialı əldə etmək üçün tərbiyə və obrazlar bizə kömək etməlidir. Amma əksər hallarda biz həyatımızı belə bir şüara əsasən qururuq: iş axtar və az pul üçün stresslə yüklən. Bu isə qorxuludur. 
   
  Hazırladı: Sevda Əliəşrəfqızı