Aprelin 24-də “NUR Art House” qalereyasında “İsgəndərovlar” adlı sərginin açılış mərasimi keçirildi. Sərgi tanınmış heykəltəraş, Əməkdar rəssam Zeynalabdin İsgəndərov və onun övladları Əli və Xanım İsgəndərovların heykəltəraşlıq, rəngkarlıq, qrafika və keramika yaradıcılığına həsr olunub.
Burada heykəltəraşın müxtəlif vaxtlarda yaratdığı heykəllərin fotoları, kiçik heykəlləri, eləcə də özünün və övladlarının yağlı boya ilə çəkdiyi əsərlər sərgilənir.
Zeynalabdin İsgəndərovun əsərlərindən sol əlində tutduğu quru kəlləni nümayiş etdirməklə xəyala dalan “Mütəfəkkir”, uzun dalğın saçların altında haldan-hala düşən “Musiqiçi” və başqa kompozisiyalarda obrazların plastik ifadəsi diqqəti cəlb edir.
Heykəltəraşın övladları Əli, Həsən və Xanım İsgəndərovlar da onun yolunu davam etdirirlər. Əlinin “Kənd mənzərəsi”, “Yol ayrılığı”, “Kənddə bahar”, “Gecə mənzərəsi” və s. foto-etüdləri rəssamın özünəməxsus duyumunun bəhrəsidir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya fakültəsinin məzunu olan Xanımın rəsmləri də maraqlıdır.
Sərginin ardınca aprelin 26-da Z.İsgəndərov “Naturadan iş” adlı ustad dərsində iştirakçılara əyani şəkildə insan təsvirinin işlənməsini göstərəcək.
Bildirək ki, heykəltəraş Z.İsgəndərov Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində və V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb. 1977-ci ildə Bakıya qayıdaraq indiki Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi fəaliyyətə başlayıb. Tovuzda Sovet İttifaqı Qəhrəmanı Y.Sadıqovun və Astarada Sovet İttifaqı Qəhrəmanı M.Cəbiyevin, milli heykəltəraşlığımızın portret janrına töhfə olan “Görkəmli xalçaçı Lətif Kərimov” heykəllərində, tanınmış sənət adamlarının - xalq artistləri S.Qədimova, L.Bədirbəyli, xalq rəssamları M.Abdullayev, K.Əliyev, M.Rəhmanzadə, yazıçı X.Hasilova və başqalarının məzarüstü abidələrində müəllif böyük ustalıq nümayiş etdirib.
Sərgi aprelin 30-dək davam edəcək.
S.Qaliboğlu