Fevralın 13-də Londonda Britaniya Kino Akademiyasının (BAFTA) mükafatlarının təqdimat mərasimi keçirilib. Gözlənildiyi kimi, iddiaçılar arasında favorit sayılan “Kral danışır!” filmi (rejissor Tom Huper) əsas mükafatlar dəstinə sahib çıxıb. Britaniya kralı VI Georqun həyatından bəhs edən film Britaniya Kino Akademiyasının 7 mükafatına layiq görülüb. Film BAFTA-nın iki əsas mükafatını (“İlin filmi” və “Ən yaxşı Britaniya filmi”), habelə “Ən yaxşı aktyor” (kral rolunu canlandıran Kolin Fert), “Ən yaxşı ikinci plandakı aktyor” (Ceffri Raş və Helena Bonem Karter), “Ən yaxşı ssenari” və s. nominasiyalarda qalib olub.
Mükafata daha bir iddialı ekran əsəri - "Sosial şəbəkə" filmi isə ən yaxşı rejissor (David Fincher) mükafatını alıb. Darren Aranofskinin “Qara qu quşu” əsəri 12 mükafata iddialı olsa da, cəmi bir - “Ən yaxşı qadın rolu” nominasiyasında (Natali Portman) BAFTA mükafatına layiq görülüb. Koen qardaşlarının “Dəmir tutum” filmi 8 mükafata iddialı olsa da, cəmi bir “Ən yaxşı operator işi” nominasiyasında qalib olub.