Əlişir Nəvai adına Daşkənd Dövlət Opera və Balet Teatrında “Daşkənd baharı - 2017” IV Beynəlxalq opera və balet festivalı keçirilir. Festivalda Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın opera və balet sənətinin tanınmış nümayəndələri, dirijorlar iştirak edirlər.
Builki “Daşkənd baharı”na Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist Afaq Abbasova da qatılıb.
Festival çərçivəsində Azərbaycanın və Özbəkistanın Xalq artisti Firudin Səfərovun rejissoru olduğu C.Verdinin “Traviata” operası nümayiş edilib. Tamaşada Rusiya və Gürcüstan artistləri də iştirak edib.
Xatırladırıq ki, Daşkəndə getməzdən əvvəl Firudin Səfərov 14 il Azərbaycan Dövlət Opera və Balet Teatrının baş rejissoru işləyib, Üzeyir Hacıbəylinin “Koroğlu” və “Leyli və Məcnun” operalarına quruluş verib. Tanınmış rejissor 40 ilə yaxındır ki, Daşkənddə çalışır.