Aprelin 25-də Abdulla Şaiqin mənzil-muzeyində müasir dövrümüzdə bəşəriyyətin bəlası olan narkomaniya ilə mübarizə mövzusunda “İşıqlı gələcəyimizi söndürməyək” adlı tədbir keçirilib.
Tədbirdə Şuşa Humanitar Kollecinin, Bakı şəhər 141 saylı orta məktəbin müəllim, tələbə və şagirdləri iştirak edib.
Həkim-narkoloq Elçin Haqverdov, “Aytam” Uşaqların Mədəni Maariflənməsi İctimai Birliyinin sədri Aygün Zamanlı, “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri Səriyyə Müslümqızı gənc nəsli narkotik bəlasından qorumaq üçün aparılan təbliğat məsələlərindən bəhs ediblər.
Təəssüflə qeyd olunub ki, narkotik aludəçilərinin yaşı getdikcə “gəncləşir”. Muzeyin böyük elmi işçisi Arzu Hacıyeva Abdulla Şaiqin “Əsrimizin qəhrəmanları” əsərindən nümunə gətirərək oradakı obrazların timsalında cəmiyyətdə baş verən bu cür hadisələrdən danışıb, əsərdə qoyulan sağlam həyat tərzi mövzusundan söz açıb.
Mövzuya dair qısametrajlı film nümayiş olunub, musiqi nümunələri səsləndirilib.