Aprelin 26-da Ankarada Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Əməkdar rəssam Rais Rəsulzadənin rəsm sərgisi açıldı.
Mustafa Ayaz Fondu Muzeyində nümayiş etdirilən sərginin açılış lentini Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, millət vəkili Mətin Gündoğdu və rəssam Rais Rəsulzadə kəsdilər. Tədbirdə Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları, Azərbaycan Mədəniyyət Dərnəyinin nümayəndələri, tarixçi Nəsiman Yaqublu, ölkəmizin TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı, Türkiyədə yaşayan azərbaycanlı elm, mədəniyyət xadimləri iştirak edirdi.
Yalçın Topçu çıxış edərək bildirdi ki, bu sərgini təşkil etməkdə məqsədimiz böyük türk millətinin dünya tarixinə yalnız cəbhələrdəki qəhrəmanlıqları ilə deyil, sənəti, mədəniyyəti, fırçası ilə də töhfə verdiklərini bir daha göstərməkdir.
Sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Y.Topçu dedi: "Bilirsiniz ki, hər il bu günlərdə (aprel) ermənilər arxalarındakı lobbilərə qondarma “soyqırımı”ndan bəhs edirlər. Əslində, soyqırımından bəhs edənlər bütün dünyanın gözü qarşısında Qarabağı işğal etdilər. Azərbaycan türklərini yurd-yuvalarından didərgin saldılar. Anaların gözləri qarşısında uşaqları, uşaqlarının gözləri qarşısında da anaları qətlə yetirdilər. Biz isə Azərbaycan türkünün mədəniyyətini bütün dünyaya göstərmək istəyirik".
Baş müşavir Məhəmməd Əmin Rəsulzadədən də bəhs etdi. Bildirdi ki, bu sərginin müəllifinin babası - Azərbaycanda ilk cümhuriyyətin qurucusu olmuş M.Ə.Rəsulzadə, “Bir kərə yüksələn bayraq bir daha enməz" deməklə bütün məzlum millətlərə müstəqilliyin əhəmiyyətini bəyan edib: “O, bütün türk dünyasının görkəmli şəxsiyyətidir".
Rais Rəsulzadə isə öz təəssüratlarını belə ifadə etdi: “Həyatımda ən xoşbəxt gündür. Bu təkcə mənim deyil, Azərbaycanın, bütün türk dünyasının bayramıdır. Düz 97 il öncə, aprel ayında Azərbaycan kədərli günlərini yaşayıb. İstiqlalımız devrilib. Düşünürəm ki, bu sərgidə M.Ə.Rəsulzadə və silahdaşlarının da ruhları qovuşur. Bu sərgi Azərbaycanın və Türkiyənin birlik və qardaşlığının nümayişidir”.
Rəssam sərgini təşkil edənlərə öz minnətdarlığını bildirdi.
Sərginin açılışı zamanı Yerli Düşüncə Dərnəyinin üzvləri Rais Rəsulzadəyə Məhəmməd Əmin Rəsulzadənin qara qələmlə çəkilmiş portretini hədiyyə etdilər.
Sonra sərgiyə baxış keçirildi. Böyük marağa səbəb olan rəsm əsərlərinin ilk alıcısı Yalçın Topçu oldu. “İyun” adlanan və yağlı boya ilə çəkilmiş əsərin qiyməti 1000 dollar idi. Məhz bu əsəri alma səbəblərini Y.Topçu belə izah etdi: “Mən bu əsərdə bir türkçülük gördüm: yay gəlib, günəş çıxıb, zəhmətkeş insanlar ənənəvi əkinçiliklə məşğuldur. Əsər həm də özlüyündə sülhü, sakitliyi ifadə edir. İnanıram ki, sərgidəki əsərlərə böyük maraq olacaq”.
Qeyd edək ki, sərgi aprelin 30-a qədər davam edəcək.
Mehparə Sultanova
Ankara