Amerikalı rəssam Jan-Mişel Baskinin (1960-1988) rəsm əsəri rekord qiymətə - 60 milyon dollara satıla bilər. Bu qiymət proqnozunu Sotheby's hərrac evi verib.
   Söhbət rəssamın «Adsız» (1982) adlı əsərindən gedir. Sotheby's hərrac evinin təşkilatçıları bildiriblər ki, bu rəsm əsəri sonuncu dəfə 1984-cü ilin mayında hərraca çıxarılıb və o vaxtdan ictimaiyyətə nümayiş olunmayıb.
   Hərrac 18 may tarixində Nyu-Yorkda keçiriləcək. Eyni zamanda Christie's hərrac evində Baskinin yaradıcılığına aid nümunələr nümayiş olunacaq.
   Hazırda rəssamın əsərləri üçün rekord göstərici 57,3 milyon dollar təşkil edir. Bu göstərici 2016-cı ilin may ayında qeydə alınıb. 
   Jan-Mişel Baski qısa ömür yaşasa da, dünyada mədəniyyət xadimi, qraffitist, musiqiçi və rəssam-neoekspressionist kimi tanınıb. Onun ölümündən sonra çoxlu sayda sərgiləri təşkil olunub, haqqında kitablar yazılıb, həyat və yaradıcılığından bəhs edən bioqrafik və bədii filmlər çəkilib.
   
   İlona