Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda qorunan nadir nümunələrin sərgisi
   
   Mayın 2-də Muzey Mərkəzində “İRS: Respublikanın sərvəti, ölkəmizin tarix səhifələri qrafika və heykəltəraşlıq əsərlərində” adlı sərginin açılışı keçirildi. 
   Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası (ADRQ) və Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözüylə açan nazir müavini Ədalət Vəliyev iştirakçıları nadir sərgi münasibətilə təbrik etdi. Bildirdi ki, uzun illərdən bəri ADRQ-nin fondunda qorunan dəyərli sənət əsərlərinin tamaşaçılara göstərilməsi çox təqdirəlayiqdir. Burada elə qiymətli əsərlər qorunur ki, onları sənətsevərlər heç vaxt görməyiblər. Azərbaycanın qrafika ustaları və heykəltəraşlarının zəhmətini yüksək dəyərləndirən Ədalət Vəliyev bu gün onların ən məşhur əsərləri ilə tanış olmaq imkanı yarandığını qeyd etdi. 
   Vurğulandı ki, son illərdə ölkəmizin mədəniyyət, idman və turizm ölkəsi kimi tanıdılması yönündə mühüm tədbirlər keçirilir. Dünya Mədəniyyətlərarası Dialoq Forumu, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, Beynəlxalq Humanitar Forum kimi mötəbər tədbirlər Azərbaycanı dünyada sülhün, tolerantlığın, həmrəyliyin, sivilizasiyalararası anlaşmanın mövcud olduğu ölkə kimi tanıdır. Mayın 4-6-da Bakıda növbəti dəfə Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Bu müddətdə Bakıya müxtəlif ölkələrdən yüksək səviyyəli qonaqlar gələcək və belə tədbirlər ölkəmizin incəsənətini təbliğ etmək üçün də əlverişli imkan yaradır. 
   Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Azərbaycanın tanınmış rəssam və heykəltəraşlarının əsərlərindən ibarət sərginin bədii-estetik baxımdan yüksək səviyyədə olduğunu söylədi, hər bir əsərdə onları yaradan sənətkarların ruhunun, gözəl duyğularının yaşadığını qeyd etdi. 
   Sonra sərginin açılışını bildirən lent kəsildi, tamaşaçılar əsərlərlə yaxından tanış oldular. Sərgidə Azərbaycanın qrafika və heykəl ustalarının 200-ə yaxın əsəri nümayiş olunur. Müəlliflər isə tanınmış, adlı-sanlı sənətkarlardır. 
   Bildirək ki, sərginin təşkilində başlıca məqsəd milli incəsənətimizin nadir incilərinin geniş tamaşaçı auditoriyasına təqdim edilməsindən, turistlərə mədəni xidmətin göstərilməsindən, eləcə də Dünya Mədəniyyətlərarası Dialoq Forumu iştirakçılarının mədəni proqramının zənginləşdirilməsindən ibarətdir.
   Sərgi mayın 8-dək davam edəcək.
   
   S.Qaliboğlu