“Qızıl ayı”nı İran filmi qazandı
 
  
   Dünya kinosunun ən nüfuzlu müsabiqələrindən olan Berlin beynəlxalq kinofestivalı fevralın 20-də başa çatıb. Müsabiqə öncəsi favoritlər sırasında qeyd olunan İran kinorejissoru Əsgər Fərhadinin "Nadir və Simin: boşanma" (“Jodaeiye Nader az Simin”) filmi 61-ci Berlin kinofestivalının baş mükafatına - "Qızıl ayı" mükafatına layiq görülüb.
    
   Ekran əsərində İranda mühafizəkar dindar və ciddi ənənələri ilə təhsilli şəhər elitasının dəyişən dəyərləri arasında yaranan münaqişədən bəhs olunur. Ayrılmağa qərar verən ərlə arvad İran məhkəmələrinin labirintlərindən keçməli olur.
   İzabella Rosselininin başçılıq etdiyi münsiflər heyəti filmdə çəkilmiş aktyor və aktrisaları isə "Gümüş ayı" ilə mükafatlandırıb.
   Münsiflər heyətinin qərarı ilə festivalın "Qran-pri" mükafatı macar kinorejissoru Bela Tarrın "Turin atı" filminə verilib. Alman Ulrix Keler "Yuxu xəstəliyi" (“Schlafkrankheit”) ekran əsərinə görə “Ən yaxşı rejissor işinə görə” nominasiyasında "Gümüş ayı"ya layiq görülüb.
   “Ən yaxşı ssenariyə görə” nominasiyasında mükafat amerikalılar Coşua Marston və Andamion Muratajın "Qanın vidası" (“The Forgiveness Of Blood”) filminə qismət olub.
   Festivalın banisi Alfred Bauerin adını daşıyan və xüsusi novatorluğa görə verilən mükafatı bu dəfə "Əgər biz olmasaq, onda kim" (“Wer wenn nicht wir”) filminə görə Andres Veyl alıb.
   Xatırladaq ki, 61-ci Berlin kinofestivalı fevralın 10-da start götürmüşdü. 1951-ci ildən keçirilən kinofestivalın baş mükafatı qızıl və gümüş “ayı”lardır. Qeyd edək ki, ayı Berlin şəhərinin simvolu sayılır.