Aprelin 28-də Azərbaycan Teatr Xadimləri İttifaqında Əməkdar artist Rəhman Rəhmanovun anadan olmasının 60 illiyinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə qonaqlar aktyorun həyat və yaradıcılığını əks etdirən fotosərgiyə baxıblar.
Sonra yubilyarın sənət yolundan bəhs edən videoçarx nümayiş olunub. Tədbirdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemət çıxış edərək aktyorun yaradıcılığından söz açıb. Vurğulanıb ki, yaradıcılığının böyük bir hissəsini kukla sənəti ilə bağlayan Rəhman Rəhmanov koloritli çıxışları ilə hər zaman tamaşaçılar tərəfindən sevilib. O, “Cırtdan”, “Qaravəlli”, “Qoçaq Polad”, “Meşə nağılı”, “Əkiz qardaşlar”, “Əzablı günlərin sonu”, “Keçinin qisası”, “Ələddin” və digər səhnə əsərlərində yaddaqalan obrazlar qalereyası yaradıb. Diqqətə çatdırılıb ki, R.Rəhmanov 2006-cı ildə Monotamaşalar festivalında “Şəngülüm, Şüngülüm” tamaşasında ifa etdiyi rola görə “Qızıl dərviş” mükafatına layiq görülüb.
Aktyorun sənət dostları çıxış edərək onun yaradıcılıq fəaliyyətindən və insani keyfiyyətlərindən danışıblar, onun müxtəlif ekran əsərlərində yaratdığı maraqlı obrazların da tamaşaçı rəğbəti qazandığı vurğulanıb.
Sonra R.Rəhmanov çıxış edərək tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.