və ya laskovo prosimo!
   
   ...Təyyarədən düşüb taksiyə minəndə daha çox qeyri-formal incəsənət aludəçisinə oxşayan sürücüyə verdiyim ilk sual bu oldu: "Şabalıd ağacları çiçəkləyib?". Cavab heç ürəyimə yatmadı: "Yox, üç həftədir ki, havalar çox soyuqdur... Bu gündən əsl yaz havası hiss olunur Kiyevdə".    
   Mənim üçün Kiyev baharı şabalıd ağaclarının çiçəkləməsi ilə assosiasiya olunsa da, Borispol hava limanından şəhərədək uzanan yol boyu, eləcə də şəhərin içində gördüyüm yaşıla bürünmüş cökə, tozağacı, qovaq, salxım çiçəklərini açmağa ərinən şabalıd ağacları, həmişəyaşıl libasını təzələyən, qozaları çırtdayan iynəyarpaqlı ağacların həyatsevər hüsnü kefimi açır. Hətta Bakıda alışdığımız tıxac üzündən ləngiməni də fürsət bilib avtomobilin pəncərəsindən şəkil çəkir, gördüyüm iri şəhər mənzərəsini göz yaddaşına köçürürəm. Bilirəm ki, treninqin proqramı sıx və maraqlıdır, sərbəst gəzməyə macal olmayacaq. 
   
   "Projektor"un işığı altında 
   
   Diqqətli oxucularımızın yəqin yadında olar: "Mədəniyyət" qəzetinin müxbiri kimi "British Council" təşkilatının dəstəyi ilə "Şərq Tərəfdaşlığı" layihəsi çərçivəsində mədəniyyətdən yazan jurnalistlər üçün üç mərhələdə keçirilən beynəlxalq treninqlərimiz yanvar ayında Tbilisidə başlamış, fevralda Kişinyovda davam etmişdi. Kiyev isə "Culture & Creativity" proqramında iştirakımızın son dayanacağı oldu. 
   Təşkilatçılar bu dəfə bizim Kiyevin ən qədim rayonlarından olan Podolsk rayonunda qalmağımızı və elə oradaca "Vozvdijinski" hotelindən təxminən əlli-altmış metr aşağıdakı "Projektor" təlim-tədris mərkəzində çalışmağımızı məsləhət görmüşdülər. Düzü, bu qədim şəhər mühiti şəxsən mənim ürəyimcə idi. Həm Podolsk rayonunun dik ərazisi, qədim binaların görkəmi, qənbər döşənmiş, ictimai nəqliyyatın qalxmadığı nisbətən dar küçələri mənə bir qədər İçərişəhəri xatırladırdı, digər tərəfdən də özümü əsl Avropa şəhərində hiss edirdim. Lakin hər ikisi - qədim binada yerləşən hotel də, tədris mərkəzi də öz qədimliyini elə zahirdən, memarlıq baxımından qoruyub. İçəridə hər şey müasir insanın alışdığı mühitə tam uyğunlaşdırılıb. 
   
   Məmur kürsüsündən keçmiş həmkarlara salam 
   
   Treninqimizin ilk günü qonaq-qaralı keçdi. Zarafat deyil, kuratorumuz Anastasiya Nurjinskayanın və trenerimiz Katerina Botanovanın "sən" deyə müraciət edəcəyi qədər sənət dostu Yuri Rıbaçuk qonağımız idi. İki ay əvvələ qədər jurnalist kimi fəaliyyət göstərən pan Rıbaçuk indi Ukrayna mədəniyyət nazirinin müavinidir. Mədəniyyət idarəçiləri və məmurları ilə mədəniyyət yazarlarının bəzən dostcasına, bəzən gərgin, bəzən isə bir-birinə qarşı hətta söz barrikadasına çəkilən ünsiyyətini kimsə ondan yaxşı bilməz. Elə bizim suallarımızın çoxu da bu barədə idi. Məsələn, nazirlikdəki iş otağından baxanda jurnalistlərin həqiqəti olduğu kimi yazmağı, dövlət sifarişi ilə baş tutan hər hansı tədbiri, tamaşanı tənqid etməyi necə görünür? Belə jurnalist yazısına nazir müavini kimi ilk reaksiyanız necə olur? Nazirlik "mətbəx"indən bixəbər jurnalistlərin iradlarına haqq qazandırmaq mənəvi cəhətdən sizin üçün çətin deyil ki?... 
   Bu söhbət sırf peşəkarlıq baxımından maraqlı idi deyə, nazir müavini ilə dialoqumuzun detallarını paylaşmaq niyyətim yoxdu. Sadəcə, Yuri Rıbaçuk ilə ünsiyyətdə çox bəyəndiyim cəhəti vurğulamaq istəyirdim. Məmur kürsüsünə əyləşmiş həmkarımız bizim anladığımız tərzdə məmurlaşmamışdı və tələbə yoldaşı olmuş jurnalist həmkarları ilə rəftarına rəsmilik qatmırdı. 
   Həmin gün ikinci qonağımız isə Ukraynada tanınmış jurnalist Maksim Qardus oldu. Maksim çoxumuzdan daha gənc idi və məhz buna görə də onunla həmsöhbət olmaq, ondan internet jurnalistikası ilə bağlı nələrisə öyrənmək maraqlı və gərəkli idi. Bizim üçün hazırladığı slayd-şou təqdimatını çox canlı düşünüb tərtib etmişdi deyə, biz nəinki darıxmadıq, həm də ondan müsbət enerji aldıq. Başqalarını bilmirəm, amma Maksim Qardusun bir fikri məni yaman düşündürür: jurnalistikada qalmaq istəyiriksə, mütləq yeni texnologiyalara açıq olmalıyıq. Heç kim bilmir ki, 5-10 ildən sonra daha nələr icad ediləcək? 
   
   Vitraj şüşəsindən baxış və sertifikat törəni 
   
   Aprelin 26-da treninqin son seminarı və 27-də bütün məşğələlər ev tapşırıqlarının araşdırılmasına və bu araşdırmadan çıxış edərək "necə yazmaq lazımdır" və "necə yazmışıq" suallarına cavabların çözülməsinə həsr olundu. Təəccüblənməyin. Trenerlərimiz hər dəfə elektron poçtumuza ev tapşırığı olaraq Ukrayna, Rusiya və Avropa mətbuatından seçmələr yollayır, onları diqqətlə araşdırıb öz fikrimizi söyləməyi xahiş edir, konkret janrda müəyyən həcmdə yazı yazmağı, həm də yazılarımızı növbəti seminarlardan xeyli əvvəl onlara yollamağı tələb edirdilər. Treninqlər zamanı isə 18 nəfərlik heyəti ya 3, ya da 6 nəfərlik qrupa (hər ölkədən bir nəfər olmaq şərtilə) bölərək, hansısa tapşırığı yerinə yetirməyi tapşırırdılar. 
   Kiyev mərhələsi üçün aldığımız tapşırıq isə çox maraqlı və önəmli idi: mədəniyyət sahəsində çalışan həmvətənimizdən 8 min işarəlik müsahibə almalıydıq. Üstəlik, bu müsahibə heç yerdə dərc olunmamalı, həm də bu janrın tələblərinə tam cavab verməli idi. Nə gizlədim, az qala bir ay hansı sahənin təmsilçisindən müsahibə alacağımı düşündüm. İstəyirdim ki, bu müsahibə həm də avropalını cəlb edəcək sənət, həmin sənətin parlaq təmsilçisi barədə olsun ki, bizi tanımayanlarda Azərbaycan barədə təəssürat oyatsın. Ötən il 2-ci "Üç məkan" Beynəlxalq teatr festivalı günlərində Şəkidə şəbəkə ustası Tofiq Rəsulov ilə görüşüm, onun diktofona yazılmış söhbəti və həmin müsahibəni heç yerdə dərc etməməyim dadıma çatdı. Üstəlik, "Youtube.com" kanalında şəbəkə sənətinə və usta Tofiqə həsr olunmuş rus, ingilis dillərində səsləndirilən videomaterialın olması da əlimdən tutdu. Şəbəkənin nə olduğunu yazıdan almayanlar, Şəki Xan sarayını bircə kərə görməyənlər öz təəssüratlarını bu yolla zənginləşdirə bilərdilər. Gözlədiyim baş tutdu: "Vitraj (yəni rəngli) şüşədən baxış" adlı müsahibəm təkcə peşəkarlıq baxımından deyil, həm də məhz Azərbaycana məxsus, məhz Şəkiyə məxsus şəbəkə sənəti barədə məlumat vermək baxımından həm treninq iştirakçıları, həm də trenerlərimiz tərəfindən maraqla qarşılandı. Trenerimiz, Britaniyanın "Qardian" qəzetinin yazarı, Nobel mükafatı almış 12 yazıçı ilə müsahibəsi ilə bütün ingilisdilli məkanda tanınan Maya Cagginin təqdirini, digər trener Katerina Botanovanın belə bir yazının xalq dekorativ-tətbiqi sənət ustalarının hər biri üçün mənəvi stimul ola biləcəyinə dair söylədiklərini eşitmək xoş idi. 
   Nəhayət, gözlədiyimiz an! Trenerlərimiz bizi tərifləyir, ötən müddət ərzində yazı üslubumuzdakı irəliləyişi qeyd edirlər. Məlum olur ki, hamımız ümidləri doğrultmuşuq və bu qiymət sertifikatla təsdiqlənir. "Şərq Tərəfdaşlığı" layihəsinin rəhbəri cənab Tim Uilyams hamımızı təbrik edir və sertifikatlarımızı şəxsən təqdim edir. 
    
   Arsenal, liman mərkəzi, bir də kabare 
   
   Bəzən beynəlxalq treninq və konfranslarda iştirak etmiş qohumlardan, dostlardan "necə gəzdiniz, nələri gördünüz" sualına eşitdiyim "vaxt olmadı", "çatdırmadım" cavabları mənə qəribə gələr, üzə vurmasam da, onların səmimiliyinə azacıq şübhə edərdim. Günahımdan keçsinlər, düz deyirmişlər. 
   Təşkilatçılar bizim asudə vaxtımızı da planlamışdılar. Səhər saat 9-dan 18-dək davam edən sıx qrafikli treninqlərdən sonra iki gün ərzində keçmiş silah zavodu, bu gün isə mədəni-mənəvi irs daşıyıcısı olan "Arsenal"a səfərimiz, Dnepr üzərindəki limanda boş qalmış tikilidə rəssamlar və digər sənət adamlarını ətrafına yığan, yaradıcılığa xidmət edən "Port"da görüşlərimiz, üstəlik, Kiyevdə çox dəbdə olan "Babı Vavilona" sirk-kabaresinin qeyri-adi, akrobatik trüklərlə müşayiət olunan konsertinə tamaşa etməyimiz də bu gün Kiyevin mədəni həyatının nəbzinin necə döyündüyünü bilmək baxımından maraqlı idi. 
   
   Təpələrə qalxanda yorulmayın... 
   
   ... Bütün siyasi iddialar, imperiya maraqları bir kənara, rus dövlətçiliyinin tarixi Kiyev rus dövləti ilə başlayır. Bu, qədim şəhərin köhnə məhəllələrində daha qabarıq hiss olunur. Az qala hər məhəllədə günbəzləri bərq vuran kilsələr, ötən əsrlərin yadigarı olan, xüsusi qayğı ilə qorunan memarlıq abidələri bunu sübuta yetirir. Başqa bir sübut isə adamda qibtə doğurur: Kiyevi hər zaman bu şəhəri sevənlər tikib, idarə edib! Dnepr çayının ortadan böldüyü Kiyevin sağ, həm də qədim hissəsi təpəliklərdə yerləşir. Ağaclara, yaşıllıqlara baxarkən hiss olunur ki, burada tikinti aparılarkən relyefə və təbii bitki aləminə hörmətlə yanaşılıb. İnsanlar sadəcə, təpəlikləri bəzəyən meşəlikləri qoruyublar, ona süni hüsn vermək üçün yerli iqlimdə uğursuz yamağa oxşayan ekzotik bitki əkməyiblər, təbii landşafta uyğun məskunlaşıblar. Zaman-zaman bir neçə müharibənin dağıtdığı şəhərdə dağılmışı dibdən sökmək meyli olmayıb. Kiyevi şəhər kimi belə təqdim etmək olar: onun simasına zərif yığcamlıq hakimdir: əsrlər boyu yerli tikinti materialı kərpicdən istifadə istər iki-üç mərtəbəli qədim binaların, məbədlərin, istər "xuruşovka"ların, istərsə də 15, 20 mərtəbəli göydələnlərin eksteryerinə incəlik qatıb. Deyəsən, bu, bütün dünyada məşhur milli "vışivanka" naxışlarından, bir də bütün komponentləri xırda doğransa da, dadını və estetik görünüşünü itirməyən borşdan gəlir axı... Maraqlıdır ki, bu yığcamlıq insanların görkəmində və seçimində öz əksini tapır: qadınlar qısa geyinməyi sevir, kişilər isə yığcam qabaritli avtomobillərə üstünlük verir. Kiyevdə iri avtobuslar da azdır: onlara yeni, əsasən sol sahil rayonlarında rast gəlirsən. 
   Ürəyim istəyən qədər gəzib dolaşmaq fürsətim olmasa da, bir istəyim qətidir: Kiyev - mənim dəfələrlə qayıtmaq istədiyim şəhərdir. 
   Gələn görüşlərədək, şabalıd ağaclı şəhər! 
   
   Gülcahan Mirməmməd 
   Bakı-Kiyev-Bakı 
   
   P.S. Az qala unutdum: laskomo prosimo Ukrayna dilində "xoş gəlmisiniz" deməkdir!