Dirijorluq kollektiv musiqi ifaçılığında ən məsuliyyətli işdir. Ansamblın həmahəng ifasına, ifanın texniki kamilliyinə görə dirijor cavabdehdir. Bu yazıda ilk hərbi dirijorlarımızdan Niyazi Kərimovun ömür və sənət yolundan söz açacağıq.
Niyazi Hacı Əhməd oğlu Kərimov 2 may 1927-ci ildə Qəbələ rayonunda dünyaya göz açıb. Uşaq ikən valideynləri repressiya olunur, qardaş və bacısı ilə evlərindən çıxarılır, 1935-ci ildə Gəncə şəhərindəki uşaq evinə göndərilirlər. Böyük Vətən müharibəsi başlayanda qardaşı Əli cəbhəyə gedir. Niyazi isə Qubada Uşaq evinə verilir. Burada həvəskar nəfəs orkestrində truba çalmağı öyrənir. Bu ərəfədə 223-cü Azərbaycan piyada diviziyasının hərbi nəfəs orkestri Quba rayonuna gəlir və o, ordu sıralarına yazılır, orkestrin üzvlüyünə qəbul olunur. 1943-cü ildə Tiflis şəhərində yeni açılan Naximov adına hərbi məktəbə göndərilsə də, qəbul imtahanlarına gecikir. Musiqiçi dostlarının köməyi ilə Tiflis Topçu-artilleriya texnikumuna şagird qəbul edilir. Qısa müddətdən sonra Gürcüstan Dövlət Konservatoriyasının nəzdindəki Musiqi məktəbində trombon müəllimi Q.A.Kventsadzenin sinfinə daxil olur.
N.Kərimov məktəbi başa vurur, sənədlərini Moskva Hərbi Dirijorlar İnstitutuna verir, ancaq qəbul ola bilmir. Moskvada qalır və öz üzərində ciddi çalışır, institutun hazırlıq şöbəsinə gedir. Növbəti il instituta qəbul olunur. İnstitutun hərbi nəfəs orkestrinin tərkibində konsertlərdə və təntənəli tədbirlərdə iştirak edir.
İstedadı və təşəbbüskarlığı ilə diqqət çəkən N.Kərimov 1951-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının böyük zalında keçirilən tədbirə dəvət olunur. Gənc hərbi dirijorların məzun konsert-gecəsində R.N.Qliyerin valtoma ilə hərbi nəfəs orkestri üçün konsertinə məharətlə dirijorluq edir. Dövlət imtahan komissiyasının sədri D.Şostakoviç tərəfindən çıxışı yüksək qiymətləndirilir.
Gənc dirijor həmin il təhsilini başa vurub Bakıya qayıdır və 416-cı diviziyanın hərbi dirijoru təyin olunur. O, asudə vaxtlarında Azərbaycan bəstəkarlarının məşhur əsərlərinin hərbi orkestr üçün işləmələri üzərində çalışır. Q.Qarayev, F.Əmirov, S.Rüstəmov, Ə.Bədəlbəyli, S.Ələsgərov və başqaları əsgərlərlə görüş zamanı öz əsərlərini N.Kərimovun kollektiv üçün işlədiyi hərbi nəfəs orkestrinin ifasında maraqla dinləyiblər.
Tanınmış sənətkar 1956-cı ildən A.Zeynallı adına Bakı Musiqi Texnikumunda dirijor-pedaqoq kimi fəaliyyət göstərib, tələbələrə dirijorluq sənətinin sirlərini öyrədib. Bu təhsil ocağında 40 il ərzində nəfəs şöbəsinə rəhbərlik edib, gənc dirijorlar yetişdirib. Bu gün respublikada nəfəs orkestri dirijoru kimi tanınan A.Babayev, İ.Hüseynov, V.Süleymanov, R.Əzimov, N.Əliyev, H.Abasquliyev və başqaları N.Kərimovun yetirmələridir. Onun nəfəs orkestri üçün ayrı-ayrı orkestr işləmələri Bakıda, Moskva və Kiyevdə nəşr olunub.
1978-ci ildə Tiflisdə sənətşünaslıq üzrə “Asəf Zeynallı adına Bakı Musiqi Texnikumu və Azərbaycan professional musiqi təhsilinin inkişafında onun rolu” mövzusunda dissertasiya işini uğurla müdafiə edən N.Kərimov həmçinin iki balet librettosu yazıb, mətbuatda yumoristik hekayələri dərc edilib. II Dünya müharibəsi illərində rus, alman, ispan və azərbaycanlı yetim uşaqların dostluğundan bəhs edən “Şahdağlının səadəti” adlı povesti alman dilinə də tərcümə edilib.
Yaşadığı hər günün, saatın qədrini bilən alim nəfəs alətlərində ifa edən musiqiçilərin yaradıcılığını araşdırıb. Truba ifaçısı Xalid Əliyev haqqında kitabı, “Azərbaycanın ilk hərbi dirijorları”, faşizm üzərində qələbənin 50 illiyi ərəfəsində çapdan çıxan “Ölümün gözünə baxan Azərbaycan musiqiçiləri”, həmçinin “Azərbaycan musiqi təhsilinə yəhudi mütəxəssislərinin yaradıcılıq töhfəsi” adlı kitabları maraqla qarşılanıb.
Yorulmaz alim, tanınmış hərbi dirijor Niyazi Kərimov 1 iyul 2003-cü ildə vəfat edib.
S.Fərəcov