Mayk Li: “Mən bildiyim şeylərdən film çəkirəm və həmişə yeni nə isə kəşf edirəm”
   
   Mayk Li (Mike Leigh) müasir Britaniya kinosunun aparıcı rejissorlarından biridir. 1943-cü il fevralın 20-də Solfordda doğulub. Realist filmlər çəkən rejissorun qəhrəmanları əsasən fəhlələrdir. 
   
   Mayk Li gündəlik həyatın içindəki dramatizmi göstərir, sadə insanlar arasındakı münasibəti tədqiq edir, melodramatik elementlərdən qaçır. Rejissor böyük kinoda ilk uğurunu “Böyük ümidlər” (1988) filmi ilə qazanıb. “Çılpaqlar” (1993) dramına görə isə Kannda ən yaxşı rejissor işinə görə mükafat alıb. “Sirlər və yalan” (1996) ailə dramı rejissora “Qızıl palma budağı”nı gətirib. Vera Dreyk adlı qadının həyat hekayətini anladan eyniadlı filminə görə isə Mayk Li “Qızıl şir” (Venesiya kinofestivalı) mükafatını qazanıb. Rejissorun keçən il Kannda premyerası keçirilən “Başqa zaman” adlı son filmi bu günlərdə Avropada ekranlara çıxıb. Mayk Linin “Frankfurter Allgemeine Zeitung”a müsahibəsindən maraqlı məqamları təqdim edirik.
   
   - “Başqa zaman” filmi xoşbəxtlikdən bəhs edir?
   - Belə demək olar, amma bu, filmdə yalnız müəyyən bir səviyyəni əhatə edir. Öncəki filmim „“Xoşbəxt və uğurlu adam” adlanırdı, amma mövzu olaraq xoşbəxtliyin anlamını yox, yalnız müəyyən bir vəziyyəti təqdim edirdi. “Başqa zaman”ın mərkəzində isə bir neçə sual dayanır. Film bir neçə nəfərin xoşbəxtliyinin mövcudluğundan, digər insanların ağrı-acısından, uğursuzluqdan, birgə yaşayış və tənhalıq arasındakı gərginlikdən bəhs edir. Həyat mürəkkəb, çətin və amansızdır.
   - Xüsusən də Meri obrazının bədbəxtliyi daha təsirli təsvir olunub.
   - Meri gənc, cazibədar görünmək istəyir. Həmişə kişilər tərəfindən aldadılır. Onun həyatı psixoloji zədələrin nəticəsi kimi təsvir edilir. O cəmiyyətin diktəsinin qurbanıdır.
   - Niyə sizin filmlərdə obrazlar istisnasız olaraq fəhlə və ya orta təbəqəni təmsil edir?
   - Çünki bu zaman mən özümü də araşdırıram. Mən Mançesterdə orta təbəqəli ailədə böyümüşəm. Yuxarı təbəqə mənim təcrübə sahəmə aid deyil. Amma bu o demək deyil ki, avtobioqrafik filmlər çəkirəm. Mən bildiyim şeylərdən çəkirəm və həmişə də yeni nələrsə kəşf edirəm.
   - Bəs aktyorluq sənəti haqda nələri aşkar etdiniz?
   - Çətin sualdır. Əslində metodlar və təlimlər məşhur məktəblərdə çox köhnəlib, ölüdür. Ona görə o zaman sənətdə baş verən hər şeydə özümü sınayırdım və bütün sənət növləri ilə maraqlanırdım: Poeziya, caz, rəssamlıq, teatr. Cassavetesin bütün filmləri məni heyrətləndirirdi, kino dünyasını da onda kəşf etdim.
   - Siz kino aləmində aktyorlarla intensiv iş sisteminə görə tanınırsınız...
   - Çox əvvəllər artıq mənim belə bir ideyam vardı ki, aktyorlar yalnız funksional olaraq bir rolun interpretasiyası ilə kifayətlənməsinlər, həmçinin obrazı yaratsınlar. Əgər bir aktyorla işləyirəmsə, sıfırdan başlayaraq, obrazı uzun müddət formalaşdırırıq, xarakterləri müəyyənləşdiririk, intensiv sınaqlar edirik. Film çəkmək, proses zamanı kəşf edəcəyin yeni bir şeylərdir, səyahətdir. Filmlərimdə aktyorlar təkrarlanmırlar və yeni istiqamətlərə doğru hərəkət edirlər. Ümumiyyətlə isə bu haqda ətraflı danışmaq istəmirəm, bu mənim sirrimdir.
   - Siz hər şeydən çox işin hansı mərhələsini sevirsiniz?
   - Çəkilişləri və montajı sevirəm. Bütün hazırlıqlar mənim üçün əzabdır. Çəkiliş zamanı birbaşa improvizə etmirəm, dialoqlar, hətta vergül, nöqtə əvvəlcədən müəyyənləşməlidir.
   - Siz ümumilikdə ciddi janrda işləyən rejissor kimi tanınırsınız. Digər tərəfdən isə həm də bir neçə komediya çəkmisiniz. Filmlərinizdə yumor və ironiya hansı rolu oynayır?
   - Yumor və ironiya mənim filmlərimdə əsas yer tutur. Həyat eyni zamanda komik və faciəvidir. Həyat ağrılı bir komediyadır. Mən “Başqa zamanın”ın nümayişində oldum, insanlar əvvəldən sona kimi güldülər-hətta filmin birbaşa ağrılı məqamında da. Həyat elə budur.
   - Və siz bununla tamamilə razılaşırsınız?
   - Rejissor karyeramın əvvəlindən mən yumoristəm: həyat ağılsız və gülməlidir. Mən yumoru ciddi qəbul edirəm. Kimsə faciəli bir anda gülürsə, mən də gülürəm. Amma bu o demək deyil ki, publikanın filmi gülüşlə bayağılaşdırması ilə razılaşıram. Onlar üçün bu zarafatdır. Bəlli vəziyyət ona bənzəyir ki, dəfnə gedirsən və birdən orda hər şeyi ağılsızcasına komik hesab edirsən. İnsanlar filmlə yaşayırlar. Məni dilxor edə biləcək yeganə şey filmimin nümayişi zamanı ölü səssizliyin hökm sürməsidir. Bax, buna doğrudan da məyus olardım.
   - “Başqa zaman” filmində 40-cı illərdə doğulan, müharibə dövründən sonrakı dövrü, 70-80-ci illərdə Tetçer Britaniyasında öz uğursuzluqlarını yaşayan insanları göstərmisiniz. Bu sizin nəslin təcrübəsidir?
   - Mənim göstərdiyim insanlar cəmiyyətlə haqq hesab çəkməyən, ümumi mənada itirilmiş insanlardır. Söhbət universal təcrübədən gedir. Amma bu o demək deyil ki, XXI əsrin başlanğıcından danışıram. Mənim hər filmim formanın, strukturun, nəql vasitəsinin eksperimentidir. Növbəti filmim yenidən heyrət doğuracaq. Rəssam Uilyam Turner haqda tarixi film çəkəcəyəm.
   
   Hazırladı: Sevda Əliəşrəfqızı