Mayın 2-də Müasir İncəsənət Muzeyində tanınmış rəssam Namiq Məmmədovun “Xoşbəxtlik düsturu” adlı fərdi sərgisi açılıb.
Mərasimdə rəssamlar Səlhab Məmmədov, Altay Sadıxzadə, İnna Kostina Namiq Məmmədovun yaradıcılığından bəhs ediblər.
Bildirilib ki, Namiq Məmmədovun bəzi əsərləri dövlət və şəxsi kolleksiyalarda - Bakıda Müasir İncəsənət və Milli İncəsənət muzeylərində, Moskvada İslam İncəsənət Mərkəzində, eləcə də Norveç, Danimarka, ABŞ, İtaliya, Türkiyə, Almaniya, İngiltərə və digər ölkələrdə saxlanılır. O, regional və beynəlxalq sərgilərin iştirakçısıdır.
Namiq Məmmədov sərginin təşkilinə görə Müasir İncəsənət Muzeyinin rəhbərliyinə təşəkkürünü bildirib.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Mayın 31-dək davam edəcək sərgidə rəssamın rəngkarlıq və qrafika əsərləri nümayiş olunur.
Namiq Məmmədov 1957-ci ildə Gəncədə anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini və Vilnüs şəhərində Litva Dövlət Rəssamlıq İnstitutunun rəngkarlıq şöbəsini bitirib. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.