Tarixçi-alimlər Xəqani Məmmədov və Nuru Məmmədov ciddi axtarışlar və ümumiləşdirmələr apararaq “Erməni iddiaları və azərbaycanlıların soyqırımı” adlı samballı monoqrafiya yazıblar. Bu qiymətli əsər ermənilərin fitnəkar hərəkətlərinin mahiyyətini açır, tarixi həqiqətləri dünyaya bəyan edir.
  
   Müəlliflər kitabın girişində yazırlar:
   «Azərbaycanlılara və türk xalqlarına qarşı uzun illər ərzində soyqırım və deportasiya siyasəti yeridən, zaman-zaman və mərhələ-mərhələ onu gerçəkləşdirən erməni millətçilərinin iç üzünün, məkrli və avantürüst siyasətinin mahiyyətinin açılması, obyektiv faktlarla onların ifşa edilməsi indi olduqca vacibdir. Məhz bu baxımdan xalqımızın tarixinin həqiqət dili ilə yazılmasına, hadisələrin və tarixi faktların obyektiv işıqlandırılmasına, onun dünya ictimaiyyətinə düzgün çatdırılmasına çox böyük ehtiyac vardır”.
   Alimlər kitabda qeyd edirlər ki, erməni seperatçıları Qafqazda və Anadoluda soyqırımlar törətmiş, tarixi türk torpaqlarında Ermənistan adlı dövlət quraraq, onun sərhədlərini işğalçılıqla, təcavüzlə genişləndirmişlər. 1918-ci ildə bizim dədə-baba torpaqlarmızda- Qərbi Azərbaycanda Ermənistan Respublikası elan ediləndə onun ərazisi cəmi 9 min kv.km olub. Sonrakı illərdə bu rəqəm beş dəfə artmışdır - ermənilərə daim havadarlıq edən sovet imperiyasının rəhbərliyi son yetmiş ildə min cür bəhanələrlə dədə-baba torpaqlarımızı hissə-hissə məkrli qonşularımıza hədiyyə etmişlər. Qarabağ münaqişəsi zamanı Azərbaycan ərazisinin 20 faizi işğal edilmiş, 1 milyon həmvətənimiz qaçqın, köçkün həyat sürməyə məcbur olmuşdur.
   Kitabın “Tarixi həqiqətlər faktların və rəqəmlərin dili ilə” adlı birinci bölməsində ermənilərin Azərbaycan və Türkiyəyə qarşı əsassız, ədalətsiz ərazi iddialarının puçluğu 3-4 min illik tarixin nəzərdən keçirilməsi ilə faktlarla sübuta yetirilir, ermənilərin türk soyuna qarşı soyqırımının xronikası və statistikası göstərilir. Ermənilər Qafqaza kənardan gəlmişlər, həmişə türklərə qarşı düşmən mövqe tutmuşlar. Sonrakı 9 bölmədə isə bu məsələlər daha dərindən araşdırılır.
    XX əsr boyu davam edən soyqırımlar nəticəsində ermənilər bir milyon azərbaycanlının həyatına son qoymuşlar.
   Ermənistandan təqribən 1,5 milyon azərbaycanlı qovulmuşdur. Qafqazda “erməni vilayəti” XIX əsrdə İrandan və Türkiyədən köçürülən ermənilər hesabına yaradılmışdır.
   1823-cü ildə Qafqaz əhalisinin cəmi 8,4 faizi erməni olduğu halda, bu rəqəm süni şəkildə 1832-ci ildə 34,8 faizə, 1897-ci ildə isə 53 faizə çatdırılmışdır.
   Tarixi Azərbaycan şəhəri olan İrəvanda 1831-ci ildə əhalinin 85,2 faizi azərbaycanlılardan ibarət olmuşdur.
   1905-1906-ci illərdə erməni quldur dəstələri Gəncə və Qazaxda 200, Cavanşir, Cəbrayıl və Zəngəzurda 75 Azərbaycan kəndini yerlə-yeksan etmişlər. 1918-ci ildə isə Qarabağda 150-dən çox, Zəngəzurda 115, İrəvanda 211, Qarsda 92 kənd yandırılmış, 575 min azərbaycanlının 565 min nəfəri öldürülmüş və yurd-yuvalarından qovulmuşdur. Həmin vaxtda Bakıda, Qubada, Şamaxıda da ermənilər kütləvi qırğınlar törətmiş, 50 min soydaşımızı- uşaqları, qadınları, qocaları qətlə yetirmişlər. 1937-ci ilin kütləvi repressiyalarında isə 80 min soydaşımız bilavasitə ermənilərin təhriki ilə öldürülmüş və ya gedər-gəlməzə sürgün edilmişdir.
   1948-1953-cü illərdə soydaşlarımız Ermənistandan kütləvi deportasiya edilmiş, 1988-ci ildə isə azərbaycanlılar son nəfərinə kimi öz dədə-baba torpaqlarından qəddarlıqla qovulmuşlar.
   Qarabağ müharibəsində 20 min azərbaycanlı öldürülmüş, 50 min nəfər əlil olmuşdur. Tarixə “Əsrin faciəsi» kimi yazılan Xocalı soyqırımında 7 min nəfərlik şəhər xəritədən silinmişdir, yüzlərlə Xocalı sakini vəhşicəsinə qətlə yetirilmişdir. Erməni fitnəkarlığı 20 Yanvar qırğınında əsas rol oynamışdır.
   Yeni nəşrdə ümummilli liderimiz Heydər Əliyev ermənilərin azərbaycanlılara qarşı xəyanətkar mövqeyini, cinayətkar və işğalçılıq hərəkətlərini rəsmi dövlət səviyyəsində qiymətləndirən tarixi fərmanı, 31 Mart -Azərbaycalıların Soyqırımı Günü elan olunması ilə bağlı sərəncamı da öz əksini tapıb. Bununla yanaşı, respublika prezidenti İlham Əliyevin həyata keçirdiyi qətiyyətli tədbirlər, köckün və qaçqınlara qayğısı da diqqətə çatdırılıb.
   Kitabdakı zəngin faktlar, dərin təhlillər, elmi-məntiqi araşdırmalar ermənilərin azərbaycanlılara və türk soyuna, bütövlükdə, insanlığa qarşı soyqırım siyasətini, bu gün də davam edən təcavüzkar hərəkətlərini inandırıcı şəkildə sübut edir.
  
   Canalı Mirzəliyev