“Ulu öndər inanırdı və bildirdi ki, onun davamçıları onun görə bilmədiyi işləri görəcəklər” 
   
   Heydər Əliyev dahi şəxsiyyətdir, böyük liderdir, uzaqgörən, cəsarətli siyasi xadimdir. O, bütün dövrlərdə Azərbaycan xalqına sədaqətlə xidmət edirdi, xalq üçün yaşayırdı, yaradırdı. Heydər Əliyev Azərbaycana iki dəfə rəhbərlik etmişdir. Hər iki dəfə Azərbaycanı tənəzzüldən, böhrandan çıxarıb inkişaf yoluna qoymuşdur. 
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə və Heydər Əliyev Fondunun fəaliyyətinin 13 illiyinə həsr olunan təntənəli mərasimdə çıxışı zamanı deyib.
   Dövlət başçısı diqqətə çatdırıb ki, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1993-2003-cü illər sabitlik, inkişaf illəri olmuş, milli dövlətçiliyin əsasları yaradılmış və möhkəmləndirilmişdir: “Heydər Əliyev bir daha göstərdi ki, ən ağır, böhranlı vəziyyətdən çıxış yolu var. O da düşünülmüş siyasətdir, cəsarətdir, müstəqil siyasət və addımlardır. Heydər Əliyev 2003-cü ildə Azərbaycan xalqına son müraciətində gördüyü işlər haqqında danışmışdır və eyni zamanda, demişdir ki, hələ onun bir çox planları var. O, öz ümidini ifadə etmişdir ki, onun görə bilmədiyi işləri onun davamçıları görəcək və belə də oldu”.
   Prezident vurğulayıb ki, 2003-cü ildən bu günə qədər Heydər Əliyev siyasəti yaşayır, yeni formalarla zənginləşir: “Heydər Əliyev Azərbaycana sabitlik gətirdi. Bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir və sabitlik xalqın iradəsinə əsaslanır. Ulu öndər inanırdı və bildirdi ki, onun davamçıları onun görə bilmədiyi işləri görəcəklər, belə də oldu. Biz - onun davamçıları bununla fəxr edirik. Fəxr edirik ki, onun ideyalarını yaşadırıq. Fəxr edirik ki, müstəqilliyimizi möhkəmləndiririk və Heydər Əliyev yolu ilə gedirik və gedəcəyik”.
   * * *
   Mərasimdə ulu öndərin fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib. 
   Sonra Heydər Əliyev mükafatının təqdimetmə mərasimi olub.
   Azərbaycanın Xalq şairi Nəriman Həsənzadənin Heydər Əliyev mükafatı ilə təltif olunması haqqında dövlət başçısının sərəncamı oxunub. Prezident İlham Əliyev mükafatı Nəriman Həsənzadəyə təqdim edib.
   Sonra Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş “Qızıl çinar” beynəlxalq mükafatının 2017-ci il üzrə qalibi elan olunub.
   Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fondun yeni nəslin kamil insan kimi formalaşmasında əhəmiyyət kəsb edən layihələrinə verdiyi dəstəyə, kütləvi informasiya vasitələrində bəşəri dəyərlərin təbliğində fəal iştirakına görə şərqşünas alim, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Vasim Məmmədəliyevə “Qızıl çinar” mükafatını təqdim edib.
   Təntənəli mərasim bədii hissə ilə davam edib.