Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 11-də görkəmli müğənni, SSRİ Xalq artisti Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan professional vokal məktəbinin banisi, görkəmli tədqiqatçı-alim və pedaqoq, SSRİ Dövlət mükafatı laureatı Bülbül (Murtuza Məşədi Rza oğlu Məmmədov) zəngin yaradıcılıq yolu keçmiş və özünün çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində silinməz izlər qoymuşdur. Onun Şərqlə Qərbin musiqi ənənələrinin qovuşuğunda novatorcasına yüksək məharətlə canlandırdığı rəngarəng obrazlar ifaçılıq sənətinin bənzərsiz nümunələridir. Milli musiqi xəzinəsi incilərinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasında Bülbülün müstəsna xidmətləri vardır.
Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Bülbülün 120 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.