Hər dəfə adı qulağımıza çatan anda nəğmələri ürəyimizə işləyən bəstəkar
Bu dünyaya yüz on il öncə göz açmış bu sənətkar neçə-neçə mahnılarının hər səslənişində sanki yenidən doğulur. Bu mahnıların çoxusu - onun həyat tarixçəsinin “ilk bölümünü” yaxından bilənlər bir yana, hətta, oxuduqca adamı haldan-hala salan o “xatirələr”lə təzə tanış olanlarda belə, müəllifinin tərcümeyi-halı kimi səslənir...
Məsələn;
“Qurban adına”...
Onun bu mahnısındakı “Bir sal yadına, Sənin oduna - Yandım, bilmədin” misraları tək elə hər hansısa bir aşiq və ya məşuqun (başqa bir müəllifin “Səndən yar, sənə yar, şikayətim var” xitabınabənzər) giley-güzarı kimi yox, həm də həyatın qeyri-intim sevgi subyektlərindən inciklik nüansları çalarlarını da çalmırmı?..
Yaxud, “Oxu, tar”, “İntizar”, “Gəlmədi”...
Bu mahnılar xalqın “bir igid ömrü” deyimindən çıxış etməli olsaq - uşaqlıq və yeniyetməlik dövrü minor notlarla müşayiət olunmuş “bir aşiq ömrü”nün təb-təbiət fəsilləri...
Aşağıda tanış olacağınız xatirə parçalarına ayaq hesab ediləsi bu “giriş”də dördcə mahnısının adı çəkilən bu gözəl sənətkarımızın başlanğıcı məşəqqət, sonu fəxarətlərlə müşahidə olunmuş həyat və çox məhsuldar fəaliyyət “süita”-“rapsodiya”larından -
Fraqmentlər
1907-ci il mayın 12-də İrəvanda anadan olmuş Səid Əli oğlu Rüstəmov atasını uşaqkən itirmiş olsa da, oxuyub-öyrənmək həvəsindən qalmır. Musiqi marağı ibtidai sinif şagirdliyində nəzərə çarpsa da, ermənilərin 1918-ci il İrəvan quduzluğu nəticəsində ailəliklə Türkiyəyə qaçdıqlarından, bu istedadın üzə çıxması xeyli gecikir. Bir müddət keçmiş ailə yenidən İrəvana qayıdır, ev-eşiklərinin viran edildiyini görüb, Gəncəyə köçür. Burada isə ermənilər Səidin qardaşı Mirhüseyni öldürür və onlar köçüb Ağdaşda məskunlaşmalı olur.
O zaman dünya və... bu dünyanın işlərini yetərincə anlayan Rüstəmovlar öz işlərində, 12 yaşlı Səidin qəlbi isə musiqi ecazları cəzbində...
Nəhayət, ailənin yığışıb gəldiyi Bakı.
Burada Səid - musiqi dərsləri də keçilən Müəllimlər Seminariyasına daxil olur, truba çalmağı öyrənir, gözəl rəsmlər çəkmək qabiliyyəti əxz edir. 1924-cü ildə İsmayıl Axundovla (sonralar Xalq rəssamı) Rəssamlıq Məktəbinə getmək qərarına gəlir. Orada 3 günmüş oxuyurmuş ki, pəncərədən gələn musiqi səsinə heyran olur... və onun musiqi qabiliyyətini diqqətə alan müəllimlərdən biri onu Üzeyir bəyin yanına aparır. Səidi xeyli sorğu-sual edən dahi sonda deyir bu oğlanı notda mənim, muğamatda Mirzə Mansurun sinfinə yazın.
Sonralar (S.S.Axundovun da dərs dediyi) 19 nömrəli birinci dərəcəli məktəbdə işləyən, Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirdiyinə (1932) görə ayrı-ayrı fənlərin tədrisi metodikasını yaxşı bilməsi sayəsində ustad pedaqoq kimi tanınan Səid Rüstəmov musiqi məktəbləri üçün “Not savadı” dərsliyinin əsas tərtibçilərindən biri, ilk “Tar məktəbi” dərs vəsaitinin müəllifi kimi də tanınıb-məşhurlaşır. 1931-ci ildə respublikamızda notla çalan ilk Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri, baş dirijor köməkçisi, daha sonra baş dirijoru, eləcə də Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəhbəri olur.
Tar və dirijorluq ixtisası üzrə gənc musiqiçi kadrlarının hazırlanması işində xüsusi xidmətlər göstərən bəstəkarın pedaqoji fəaliyyətinin əsas və mühüm dövrü Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası ilə bağlı olub. Bu mötəbər ali musiqi təhsili ocağında xalq musiqisi kafedrasının yaradıldığı vaxtdan istedadlı tarzənlərin yoluna hamıdan gur işıq tutmuş bu sənətkarın dahi Üzeyir bəyin vəfatından sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri vəzifəsinə seçilməsi (və 1953-cü ilədək xalqın bənzərsiz Ustad-Müəllimin adına layiq çalışması) də onun böyük sənət-şəxsiyyət xarizmasından xəbər verir.
Böyük sənət fədaisi, alovlu vətənpərvər Səid Rüstəmovun geniş, çoxcəhətli fəaliyyətinin layiqincə qiymətləndirilməsini də qeyd edib deyək ki, o 1938-ci ildə Əməkdar incəsənət xadimi, 1957-ci ildə Xalq artisti fəxri adlarına, 1951-ci ildə SSRİ Dövlət mükafatına layiq görülüb.
Bu böyük bəstəkarın yaradıcılıq irsindəki maraqlı bir nüansı da qeyd etməyə bilmirəm; sənətkarlıq baxımından çox geniş diapazonlu S.Rüstəmov 70-dən çox mahnı yaradıcılığında əsasən iki şairin - M.Ə.Sabir və Mirmehdi Seyidzadənin şeirlərinə müraciət edib. Bu, mənə bir yaradıcı xarakter “sirri”, “məxfi” duyğusallıq təsiri bağışlasa da, həmin şeir parçalarının ad-məzmun aləmi (qızının, aşağıda təqdim edəcəyim xatirələrindəki bir məqam da sözümə qüvvət kimi səslənəcək) qəribə bir aydın-aşkarlıq da təlqin edir. Məsələn, Mirzə Ələkbər dəryasından “Uşaq və buz”, “Yaz günləri”, “Keçi”, M.Seyidzadədən “Alma”, “Gün, çıx”, “Qış baba”, “Quzum”, “Uçun, quşlar” və s.
Və nəhayət, -
Xatirələr
Bu xatirələri onun mahnılarının ümumnəqarəti də hesab etmək mümkün...
Öncə, qızı Rəna Rüstəmovadan:
“Xaraktercə çox sərt və əsəbi idi - mənim... mehribanlar mehribanı atam! Amma zarafatlarından da qalmazdı. Hətta, 4 yaşındaykən bədbəxt hadisədən vəfat etmiş qardaşımız Altaydan söz düşəndə anama gözaltı baxıb deyərdi, ay Bikə, bu evə beşinci uşaq da lazımdı...
Üzeyir bəy onları tez-tez evinə dəvət edərmiş. Bir dəfə də utandığından, deyib, çox sağ olun, çörək yemişəm. Üzeyir bəy də yoldaşına deyib, çörəksiz yemək gətir. Atam da bu zarafatdan açılışaraq bir neçə qab xörək yeyib. Üzeyir bəy gülə-gülə: “Ay Səid, indi sənə bir “ev dərsi” tapşıracağam ki, onu əzbərləməmiş bir də bizə gəlməzsən. De görüm, insan tox olanda bu qədər yeyə bilirsə, ac olanda nə qədər yeyə bilər?” Bu məzəli suala hamı gülür və atam danışardı ki, o sözdən sonra Böyük Ustadımızın yanında utanmaqlığın daşını birdəfəlik atdıq.
Bir vaxtlar şəhərdə söz yayılmışdı ki, bacım Tamillanın kinoya çəkilməsini (“Böyük dayaq”da Maya) atam pis qarşılayıb və guya onu danışdırmır. Yox, sadəcə, atam deyirdi, əvvəl sənətin olsun, sonra danışarıq. Belə də oldu və atam bir dəfə küçədə rastlaşıb hal-əhvallaşdığı kinorejissor Həbib İsmayılovdan “film çəkirəm, amma baş rola aktrisa tapa bilmirəm” sözünü eşidərkən, deyir, qızım Tamilla sabah Moskvadan gəlir, bir onu da sınaqdan keçirərsən. Rejissor da Tamillanı görən kimi deyir, hə, bu Mayadır!
Türkiyədə adətən seyidlərin yaşadığı İydəli adlı bir yer var, atamın əsli ordandır. Sonra İrəvana köçüblər. Əsl adı Mircabbar Seyidrüstəmzadədir. Bakıya gələndə pasport verilən yerdə ermənilər, ruslar deyinirlər ki, çox uzun addır, atam da məcbur qalıb ad-soyadını Səid Rüstəmov kimi yazdırır.
İrəvanı xatırlayanda yanğılı həsrət ahları çəkirdi. O şəhəri ölənə qədər İrəvan deyə andı. Heç rəsmi çıxışlarında da bir dəfə də olsun “Yerevan” demədi...”
Haşiyə.
Maraqlıdır, onun bu qədər mahnılarının bircəsində belə (“Cəngi”, “Qəhrəmani” pyeslərini, süita, tar üçün konsert və bir sıra kantataları, “Beş manatlıq gəlin”, “Durna”, “Rəisin arvadı” musiqili komediyaları istisna) “çığır-bağır” mayalı bir notcuq belə yoxdur; başdan-başa hə...lim...lik, hə...zin...lik... Yəqin bunun bir neçə səbəbi var və onlardan biri də - öz qızının (fərqinə varmadan söylədiyi) xatirələrinin aşağıdakı məqamında:
“...Babam rəhmətə gedəndən sonra nənəmi uşağı olmayan dul bir kişiyə məcburən ərə verirlər. Atam son gününə qədər o səhnəni unuda bilmirdi. Həmişə də kövrələ-kövrələ xatırlayırdı o qədim epizodu. Deyirdi, “Anamı aparan o faytonun dalınca nəfəsim kəsilənə qədər qaçdım...”
Bir neçə sətir də böyük Səid müəllimin tələbəsi olmuş Nazim Kazımovdan:
“1973-cü ildə konservatoriyada Səid müəllimin sinfinə qəbul olunmağıma çox sevindim - onun “Tar məktəbi” dərsliyi musiqi məktəbində stolüstü kitabımız idi. İxtisas dərslərində o (kim? Azərbaycanda yeganə bəstəkar ki, 4 mahnısına görə SSRİ Dövlət Mükafatı laureatı adına layiq görülmüşdü!) mənimlə fərdi məşğul olurdu. Hərdən zarafatla deyərdi, Nazim, sənin sir-sifətindən Konservatoriyanın gələcək müəllimi qoxusu gəlir...
Tələbələr düzgün çalmayanda bərk hirslənməyini nəzərə almasaq, hədsiz dərəcədə mülayim, sakit insan idi. Konservatoriyanı bitirib, təyinatla bir müddət rayonda işlədim və 1981-ci ildə yenidən konservatoriyaya qayıtdım. İşə yenicə başlamışdım ki, dəhlizdə gedərkən kürəyimə ehmalca bir əl toxunduğunu hiss etdim. Onun “Artıq mənimlə çiyin-çiyinə çalışası bu oğlan mənim ovaxtkı sözlərimi də xatırlayırmı” sualına belə bir cavab verdim: Bəli, ustadların proqnozları da bir ustadnamədir!..”
Kəmiyyətcə xeyli çox, keyfiyyətcə xarakterik olan belə xatirələr də bu böyük, səmimi sənətkarımızın əsil insanlıq-vətəndaşlıq “mahnı”sı...
Tahir Abbaslı