Böyük alim, alovlu şair, “Dəyişmə, muradın millətsə sənin, Sonda qalibiyyət sənin olacaq!” demiş tufan-türkçü...
Dövrün siyasi zəlilzadə “elitar”ları məngənəsində sıxılsa da, məqsəd-məram yolunu ölümə qədər davam etdirmiş Çobanzadə...
Görünür, dünyanın böyük bioloqları məhz belələrinə istinadən insanı “canlı atom” da adlandırıblar...
Cəmisi qırx beş il yaşamış bu fenomen ömrünün qırx dördünədək nə qədər böyüyüb-ucalıbsa, sonuncusunda bir o qədər yenildilib. Cəmi-cümlətanı iyirmicə dəqiqəyə. Güdazına səbəb “arqument”lər; dəlil-sübut, tutqu-tutarğa isə heç iyirmi saniyəlik də olmaz. Gördüyü işləri - milli görəvlər naminə gəzib-dolaşdığı saysız Türk-Turani ünvanları, tədqiq etdiyi mənbə-məxəzləri, yazdığı monoqrafiya, dərslik və məqalələri təsəvvür və təhlil etməyə isə aylar-illər gərək...
Və bütün Türk dünyasının bu məşhur isimi həmin o müdhiş -
“20 dəqiqə”yədək...
1893-cü il mayın 15-də Krımda dünyaya göz açan, 27 yaşında filologiya elmləri doktoru, iki il sonra professor olan Bəkir Çobanzadənin orta məktəb çağıyla bağlı xatirələrin birində deyilir ki, imtahan vaxtı müəllim (şair Həsən Səbri) onu yazı lövhəsinə çağıranda paltarındakı yamaq-yumaqlar səbəbilə yerindən tərpənmir və deyir: “Müəllim, nə istəsəz soruşa bilərsiz!” Bu ədadan qeyzlənən müəllimsə ona yaşından böyük suallar verir, cavabların səlisliyindən quruyub qalır və həmkarı Qaspıralı əfəndini çağırtdırıb deyir: “İsmayıl bəy, sən Allah, gəl bu uşağı dindir və sən də mənim kimi dəryaya gir!..”
Qarşılarında dil-dil ötən bu uşaqdan ad-soyadını soruşanda isə o, “Bəkir... - deyib, duruxur və əlavə edir - Soyadım yoxdur...” Sinif yoldaşları onun qurdürəkli çoban Vahabın oğlu olduğunu söylərkən müəllimləri deyir: “Deməli, Bəkir Çobanzadə...”
Hələ yeniyetməliyinədək qeyri-adi zəkası, qocafəndi mühakimələrilə ətrafını heyrətləndirən, on dörd yaşında ikən daha yüksək təhsil və karyera üçün Krımdan İstanbula göndərilən, sonralarsa öz milli maraq “göndərişlərilə” bütün türk ellərini fır-fır fırlanan bu adam, məhz bircə kərə vaxt ayırdığı istirahət zamanı həbs edilir...
Doğma ana yurdunda vur-tut ibtidai təhsil illəri qədər yaşamış bu gənc fenomenal qabiliyyəti, yaşından böyük fikirləri, başından aşırı düşüncələrilə cəlayi-vətən, səyyari-Turan olur. Türkiyədə ərəb-fars dillərini də mükəmməl öyrənir və hələ özü “əməlli-sənədli” bir gənc deyilkən “Müstəqil tatar Krımı” ideyalarına sarılıb, təsisçilərindən biri olduğu “Krım-tatar tələbə cəmiyyəti”nin rəhbərliyinədək yüksəlir. İyirmi yaşında səsi Budapeşt Universitetindən gəlir, türk, ərəb, macar filologiyası sahəsində çalışıb elmlər doktoru adını alır. Budapeştdə türkdilli “Şərq” qəzetinə redaktorluğu, “Krım”, “Göy kitab” və s. məcmuələrdə çap olunan şeirləri, Türkiyə, Orta Asiya və Rusiyanın dövri mətbuatındakı analitik ictimai-siyasi yazıları, elmi məqalələrilə günü-gündən məşhurlaşır.
Arada yenidən Vətən... Daha doğrusu, guya özüylə sosiallıq gətirmiş “sovetizm-bolşevizm” Rusiyası... Və hələ otuz yaşı tamam olmamışdan dahiliyə yürüyən bu bütöv etnik, yarıemiqrant şəxsiyyət hədəfdə...
Çoxları kimi, bütün düşüncə və canı-qanı ilə milli olan Bəkir də - qarşısındakı bu dəmir-divar quruluşu görüb, millətinin elitar genefond perspektivi naminə manevr “val”ını dəyişir, ədəbi və elmi işlərini göyərtməkçün qırmızılarla boğazdanyuxarı iş birliyinə qol qoymalı olur. 1920-22-ci illərdə onu Krım İnqilabi komitəsinin rəisliyinə, Krım Maarif Komissarlığında Tatar dili və ədəbiyyatı şöbəsinin müdirliyinə layiq bilsələr də, qeyri-adi istedadı müqabilində ali məktəblərdə mühazirələr oxumaması təhlükəsinə qarşı bir bəhanə tapa bilmirlər.
Hələ gənc ikən ad-sanı bütün sovetlər ittifaqını dolaşan bu görkəmli alim və ədibin sorağı, əlbəttə, Azərbaycana da çatır və respublikamıza çağırılır. Burada yeni əlifba ilə bağlı komitənin sədri təyin edilir, Orta Asiya, Tatarıstan, Başqırdıstan və Krımda latın əlifbasına keçidlə əlaqədar işlər görür, bir sıra monoqrafik əsərlərlə yanaşı, “Türk dilinin metodikası”, “Elmi qramerin əsasları” kitablarını tərtib edir, dil və ədəbiyyatşünaslıq, türkologiya, pedaqogika və digər sahələrdə əsaslı xidmətlərinə görə SSRİ EA Zaqafqaziya filialının həqiqi üzvü olur. Bakı, Daşkənd, Fərqanə və Buxara ali məktəblərində türkologiyanın ayrı-ayrı problemlərinə dair mühazirələr oxuyur, Britaniya və Ərdəbil nüsxələri əsasında Xətai divanının müqayisəli mətnini hazırlayır, 1926-cı ildə Bakıda I türkologiya qurultayın təşkilində fəal çalışır...
Çox genişsahəli, fantastik dərəcədə məhsuldar olan bu böyük yolun qarşısı 1937-ci il yanvarın 28-də alınır. Həmin gün Kislovodskda xanımı ilə dincələn professor həbs edilir, Pyatiqorsk türməsinə, oradan Azərbaycan SSR Xalq Komissarlığının təcridxanasına gətirilir. 1938-ci il oktyabrın 12-də - 20 dəqiqəlik məhkəmədən sonra ona ölüm hökmü kəsilir və oktyabrın 13-də icra olunur.
Bu canlı və... çox xeyirxah tufanın bir çox türk ellərini (və onlarda davamlı perspektiv əməllər) oyatdığı bəlli, söndürülüb-yatırıldığı yer - məzarı isə...
Və onun bir çox nəsnələri bəlləyən -
Şeirlərindən nümunələr
Və təəssüf ki, hamısını xeyli ixtisarlarla...
Bu böyük Krım-tatar əfəndimiz Budapeştdən gənclik dostlarından birinə göndərdiyi məktubda poeziyaya müraciətinin səbəbini belə açıqlayıb: “Hər halda bizdə ədəbiyyat və şeirin rolu, heç bir millətinki ilə müqayisə edilməyəcək dərəcədə gərəklidir. Ən azı qarşıdan gələn iki-üç əsr ərzində... Mənim şeirlərim heç bir şey göstərməsə də, qırılan, çökən, darma-dağınıq yaşayan və bəlkə də bu gün-sabah yox olub gedəcək Krım tatarını, onun xətalarını, qüsurlarını, kədərini, duyğularını dilə gətirir. Bir gün Krım tatarı öz soydaşlarını arasa, o zaman yazılarım ortaya çıxar. Amma belə olmasa da, zərər yox... Krım tatarının bunca şanı, şöhrəti, bayrağı, torpağı qeyb oldu, mənim bir neçə yuxusuz gecəm, kədərli gündüzüm itsə, nə dəyişəcək?”
Elə, hələlik əldə olan 80-dək şeirinin yarıdan çoxunu 1917-ci ilin yanvarından 1920-nin martına qədər Macarıstan paytaxtında qələmə almış şair həmin məktubundakı son sözü gözəl poeziya nümunələrindən birinə başlıq etmişdi:
Dəyişmə, muradın millətsə sənin,
Vətənə, torpağa xidmətsə sənin,
Sən sürün, yenə də dəyişmə ancaq,
Sonda qalibiyyət sənin olacaq.
Bu qalibiyyətin yolunu ən əvvəl, İ.Qaspıralı, Ə.Hüseynzadə babalarının “ortaq dil” çabalarında görən böyük alim-şair öz yurddaşlarının qəlbinə “Ana dili” şeirindəki “Mən səni Krımda, Kazanda duydum, Qəlbim odlananda, qızanda duydum” kimi misralarla yol tapmağa çalışır:
Yad eldə üzülüb acı çəkəndə,
Ümidsiz gözümdən yaşlar tökəndə...
Şeirin olmasa, mahnın olmasa,
Bircə “yurd” kəlmənlə qəlbim dolmasa,
Necə dolaşardım qürbət diyarda?
Tanışsız, bilişsiz yad mahallarda?..
Aşağıdakı parçanı oxumazdan öncə bugünkü Yaxın Şərq, Əfqanıstan, İraq, Kərkük... mənzərələrini xəyalən seyr etməli...
Bir uşaq ağlayır kənarda səssiz
Bir uşaq ağlayır bayaqdan bəri -
Müsəlman balası, islam cocuğu...
Min evin hər axşam tavanı çökür,
Ölüm yüz minləri kamına çəkir.
Hamilə analar cocuğun boğur
Amma cocuq yenə gizlində doğur -
Müsəlman balası, islam cocuğu!..
Və nəhayət, 27 yaşlı bu gənc şair öz çağının milli suçlarını həm də zaman-zaman başqalarına rəvac vermiş “Keçmiş günahlarımız”da görür:
Biri açıb kitabını “lənət!” deyir;
Hülakiyə, Batı xana, Temirə.
Biri yazıb tarixini “barbar” deyir,
Bir zamanlar baş əydiyi Əmirə...
Boynum bəxtin qollarında burulub,
Evim, ölkəm - nəyim varsa talanıb!
Ey Avropa! Ey alimlər! Biliniz!
Çıxmasanız ağ yalanın sehrindən
Sabah mən də olacağam bir Çingiz!..
Bu kimi misralar da bir qələm Çingizliyi. Qəbri bilinməsə də, qədri bilinən irfan Çingizliyi. Onun Azərbaycan arkadaşlarından birinin (Bəxtiyar Vahabzadə) başqa bir arkadaşımız (Yunus Əmrə) haqda dediyi “Bir yerdə doğuldu, min yerdə öldü, məzarı isə könüllərdə!” məsələsi...
Tahir Abbaslı