Müsyö Jordan obrazının misilsiz ifaçısı Sergey Yurskinin 76 yaşı tamam olur
   
   Onun haqqında söz düşəndə belə deyirlər: tanınmış aktyor, dramaturq, ssenarist, şair, istedadlı rejissor, bədii qiraət ustası... Söhbət Rusiyanın Xalq artisti, Azərbaycan tamaşaçılarının da yaxşı tanıdığı Sergey Yurskidən gedir. O, 1935-ci il martın 16-da Leninqradda (indiki Sankt-Peterburq) doğulub. Atası teatr rejissoru və aktyor, anası musiqi müəlliməsi olub. Valideynləri onu hüquqşünas görmək istəyirdilər, o isə uşaqlıqdan teatrla maraqlanırdı.
   1952-ci ildə orta məktəbi qızıl medalla bitirir və Leninqrad Universitetinin hüquq fakültəsinə qəbul olunur. Təhsil illərində universitetin teatr studiyasında çıxış edir. Teatra olan böyük həvəsi onu hüquq fakültəsində təhsili atıb A.N.Ostrovski adına Teatr İnstitutuna qəbul olunmağa sövq edir. Hələ institutda oxuyarkən (1957-ci ildən) M.Qorki adına Leninqrad Akademik Dram Teatrında işləməyə başlayır. Eyni zamanda tez-tez kinoya çəkilir. “Məhəbbət və göyərçinlər”, “Qadını axtarın”, “Görüş yerini dəyişmək olmaz“ və digər filmlərdə yaratdığı obrazlar onun şöhrətini artırır. 1978-ci ildə o, Moskvaya köçür və Mossovet adına Teatrda aktyor və rejissor kimi fəaliyyət göstərməyə başlayır.
   S.Yurski Azərbaycanda da populyardır. Onun 1976-cı ildə “Azərbaycanfilm”in istehsalı olan “Dərviş Parisi partladır” filmində yaratdığı müsyö Jordan obrazı bu gün də tamaşaçılar tərəfindən sevilir. Onu da deyək ki, S.Yurski müsyö Jordan obrazını dublyajsız, yəni öz səsi ilə səsləndirib. Bu da obraza xüsusi bir rəng, kolorit verir. Fransalı qonağın Qarabağın şanına dediyi sözlər (“Qarabağdan yoxdur dünyada”, “Mən Qarabağı dünyaya tanıdacağam”) isə bu gün bizdə bir ayrı ovqat, qəmli hisslər yaradır. Aktyor “Azərbaycanfilm”in istehsalı olan “Şir evdən getdi” (1977, ovçu, qarovulçu), “Qorxma, mən səninləyəm” (1981, polis rəisi) filmlərində də yaddaqalan obrazlar yaradıb.