Şairin ev-muzeyində konfrans keçirilib
   
   Mayın 17-də Səməd Vurğunun ev-muzeyində Beynəlxalq muzeylər günü münasibətilə konfrans keçirilib. Bu il Beynəlxalq Muzeylər Şurası (İCOM) tərəfindən 18 may - Beynəlxalq muzeylər günü ilə bağlı “Muzeylər və mübahisəli tarixi məqamlar: muzeylərdə deyilməyənlərin səslənməsi” mövzusu elan olunub. İCOM Azərbaycan Milli Komitəsi ölkə muzeyləri üçün “1920-1950-ci illərdə repressiyalar” adlı vahid mövzu seçib. Şairin ev-muzeyində təşkil edilən konfransın “Səməd Vurğun repressiya illərində” adlanması da bu zərurətdən yaranıb.
   Tədbiri ev-muzeyinin direktoru Nüşabə Babayeva-Vəkilova açaraq əlamətdar günə həsr edilmiş konfransın mövzusunun zamanın tələbindən doğulduğunu söyləyib. Bildirib ki, o qanlı-qadalı illəri yaşamayan, əslində o dövrün mahiyyətini belə dərk etməyən insanların bəzən dövrün şəxsiyyətləri ilə bağlı yersiz ittihamlar, böhtanlarla məşğul olmasından bütövlükdə cəmiyyət əziyyət çəkir.
   Konfransda böyük şairin yaradıcılığı müasir ədəbi-ictimai reallıqlar kontekstində araşdırılıb, Səməd Vurğunun dili, dramaturgiyası, əsərlərinin qəhrəmanları, şairin yaradıcılığının Azərbaycan teatrının, ədəbi fikrinin, leksikonunun inkişafına təsiri və digər istiqamətlərdə məruzələr dinlənilib.
   Vurğunşünas alim, filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoy, professorlar Tofiq Məlikli, Rüstəm Kamal və Əlizadə Əsgərlinin çıxışları maraqla qarşılanıb. Məruzələr ətrafında müzakirələr aparılıb. Müzakirələrdə alimlər İsmayıl Umudlu, Məti Osmanoğlu, İradə Musayeva şairin yaradıcılığının daha geniş aspektdən araşdırılmasının vacibliyini söyləyiblər. “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, şairlər Zaməddin Ziyadoğlu, Zərəngiz Qayalı və başqaları ölməz şairin yaradıcılığına diqqətlə yanaşılmasının vacibliyini vurğulayıblar.