Mayın 20-də Milli Dram Teatrında Cəfər Cabbarlı mükafatının təqdimat mərasimi keçirilib. Bu il mükafat 5 nominasiya üzrə qaliblərə verilib. 
   Əvvəlcə “Almaz” tamaşası nümayiş olunub. Sonra ədibin ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı qaliblərə mükafatları təqdim edib. 
   Bu il komissiyanın qərarına əsasən mükafat jurnalistika nominasiyasında Əməkdar jurnalist Flora Xəlilzadə və Rafiq Hacıyevə, ədəbiyyatşünaslıq üzrə şərqşünas alim Cümşüd Muradova, teatr üzrə Əməkdar artist Nazir Rüstəmova, kino üzrə Əməkdar artist Mirzə Ağabəyliyə verilib. Ən yaxşı teatr tamaşası nominasiyasında C.Cabbarlının "Almaz" tamaşasının rejissoru, Milli Dram Teatrının bədii rəhbəri və direktoru, Xalq artisti Azər Paşa Nemətə təqdim edilib. “Almaz” əsərinin yeni səhnə versiyasının uğurlu tərtibatına görə Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirli və Milli Dram Teatrının bədii quruluş hissə müdiri İlham Əsgərov mükafata layiq görülüb. Bundan əlavə, "Almaz" tamaşasında yaratdıqları obrazlara görə xalq artistləri Firəngiz Mütəllimova və Nurəddin Mehdixanlı, əməkdar artistlər Məsmə Aslanqızı, Ayşad Məmmədov, Kazım Abdullayev və əsərin texniki heyətinə mükafatlar təqdim olunub.
   Beş əsas nominasiyadan əlavə, Mükafat komissiyasının qərarına əsasən, Cəfər Cabbarlı ədəbi irsinin təbliğindəki xidmətlərinə görə tarix elmləri üzrə fəlsəfə doktoru Həqiqət Zahidova, "Almaz" tamaşasının ərsəyə gəlməsində əməyi olan Milli Dram Teatrının işıq üzrə rəssamı Rafael Həsənov, səhnə quraşdırma sexinin müdiri Elçin Vəliyev və səs rejissoru Şahanə Səlimova xüsusi diplomla təltif ediliblər.
   Qeyd edək ki, Cəfər Cabbarlı mükafatı ədibin ev-muzeyinin layihəsi əsasında "C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım” İctimai Birliyinin iştirakı və BP şirkətinin sponsorluğu ilə 2001-ci ildə təsis olunub. 
   
   Lalə Azəri