Mayın 23-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin təşkilatçılığı ilə “Tarixi mədəni abidələrin mühafizəsi və təbliği” mövzusunda seminar keçirildi.
Mərkəzin şöbə müdiri Rafiq Quliyev tədbiri açıq elan etdi. Sonra MEMM-in direktoru Asif Usubəliyev tədbirdə çıxış edərək bildirdi ki, milli-mədəni irsimiz Azərbaycan xalqının tarixini özündə yaşadan zəngin informasiya mənbəyidir və xalqımızın bu torpaqların qədim sakini olduğunu danılmaz faktlarla sübuta yetirir. Nəsillərdən nəsillərə keçib gəlmiş milli-mədəni irsimizin qorunmasına, öyrənilməsinə, təbliğinə son illər dövlətimiz böyük diqqət və qayğı göstərir”.
Qeyd olundu ki, “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” təsdiq edilib. Azərbaycan dövlətinin yürütdüyü humanitar siyasət nəticəsində respublika ərazisindəki mövcud tarixi, dini və mədəniyyət abidələrinin aşkar edilməsi və mühafizəsi istiqamətində məqsədyönlü layihələr həyata keçirilir ki, bu işdə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd edilməlidir.
Seminarda Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü Rizvan Qarabağlının “Zəngin mənəvi irsin acı taleyi”, AMEA Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi Elşad Hüseynovun “Avey məbədinin cari problemləri”, həmin institutun əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səyyad Bayramovun “Memarlığın kinoda rolu” və s. mövzularda məruzələr dinlənildi.
Fariz Hüseynov