Aqşin Əlizadənin 80 illiyinə həsr olunmuş xatirə gecəsi
Mayın 19-da Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı, professor Aqşin Əlizadənin (1937-2014) anadan olmasının 80 illiyinə həsr olunmuş xatirə gecəsi keçirildi.
Gecədə Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Cəlal Abbasov çıxış edərək bəstəkarın bənzərsiz yaradıcılığından söz açdı. Vurğuladı ki, fitri istedadı hələ tələbə ikən, 1960-cı illərin əvvəllərindən etibarən özünü büruzə verən Aqşin Əlizadə yarım əsrə yaxın bir müddət ərzində çox sayda dəyərli əsərlər meydana gətirib. Onun müxtəlif musiqi janrlarını əhatə edən yaradıcılıq palitrası zəngin və rəngarəngdir. Balet, kantata və simfoniyaları, kamera orkestri, xor və simfonik orkestr üçün əsərləri bəstəkara şöhrət qazandırıb. O, ilk milli qəhrəmanlıq baleti “Babək” və müşayiətsiz xor üçün “Bayatılar” silsiləsi ilə Azərbaycan musiqisi tarixinə yeni janrlar gətirib. Bəstəkarın yaradıcılığında film və tamaşalar üçün yazdığı musiqilər də xüsusi yer tutur.
Qeyd edildi ki, Aqşin Əlizadə vətəninin, doğma torpağının nəğməkarı idi. Onun kamera orkestri üçün şux, oynaq “Aşıqsayağı”, odlu nəfəsli “Cəngi”, fortepiano üçün yazılmış müdrik düşüncəli “Dastan”, əziz xatirə səhifəsi olan “Qoca xanəndə”, orqan pyesi, xor üçün xalq poeziyasının gözəlliyini tərənnüm edən “Bayatılar” silsiləsi, vətənə sonsuz sevgi və vurğunluq hissi ilə aşılanmış “Kənd süitası”, simfoniyaları bu qəbildəndir.
Gecə Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin ifasında bəstəkarın əsərlərinin - simli kvartet və səs üçün 4 saylı simfoniya, “Muğamvarı”, “Kənd süitası”, 3 saylı simfoniya, “Azərilər” kantatasının səsləndirilməsi ilə davam etdi.
Lalə Azəri