Bakıda II Beynəlxalq “Türk dünyasının ortaq dili - naxışlar” simpoziumu keçirilir
   
   Mayın 22-də Azərbaycan Xalça Muzeyində “Ortaq qaynaqdan çeşidli yollar” mövzusunda II Beynəlxalq “Türk dünyasının ortaq dili - naxışlar” simpoziumu işə başladı. Simpozium Mədəniyyət və Turizm Nazirliyi, Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzi və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı, Türkiyənin Bakıdakı səfirliyi, TÜRKPA (Türkdilli Ölkələrin Parlament Assambleyası), “Z Company 2007”, ATİB (Azərbaycan-Türkiyə İş adamları Birliyi) və Azərbaycan Dillər Universitetinin dəstəyi ilə təşkil olunub. 
   Tədbiri Xalça Muzeyinin direktoru Şirin Məlikova açaraq bildirdi ki, Bakıda, bu məkanda artıq ikinci dəfə reallaşan simpoziumun çərçivəsi genişdir. Ötənilki simpoziumdan fərqli olaraq, bu tədbirdə türkdilli ölkələrlə yanaşı, Gürcüstan, İran, İtaliya, Rusiya, Serbiya və Ukraynadan aparıcı tədqiqatçılar, kolleksiyaçılar, xalçaçı rəssamlar və bu sahə üzrə digər mütəxəssislər iştirak edirlər. Simpozium çərçivəsində ilk dəfə olaraq qaqauz dekorativ-tətbiqi sənət nümunələrinə aid olan xalçalar da nümayiş ediləcək. Vurğulandı ki, simpoziumun təşkilində məqsəd türk xalqlarının ortaq mirası olan xalça naxışları sahəsində tədqiqat işlərini daha da zənginləşdirmək, xalqımızın öz milli-mədəni dəyərlərinə diqqətini, bu sahədə olan biliklərini yüksəltməkdir. 
   Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral diqqətə çatdırdı ki, belə tədbirlər xalqların sənət sahəsində qarşılıqlı əməkdaşlığına zəmin yaradır. Səfir simpoziuma 13 ölkədən 40-dan artıq sənətkarın qatıldığını vurğulayaraq qeyd etdi ki, elmi məruzələrin dinlənilməsi ilə bərabər mütəxəssislərin xalçaçılıq sahəsində qarşılıqlı sənət mübadiləsi də həyata keçiriləcək. Səfir simpoziumun işinə uğurlar arzuladı. 
   Daha sonra çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev nazir Əbülfəs Qarayevin salamlarını simpozium iştirakçılarına çatdırdı. Bildirdi ki, keçmiş SSRİ tərkibində olan türk respublikaları müstəqillik qazandıqdan sonra yenidən öz köklərinə qayıdaraq ənənələrini bir-biri ilə bölüşür: “Əlaqədar təşkilatlar bu təşəbbüslə nazirliyə müraciət etdikləri zaman biz layihəni yüksək dəyərləndirərək dəstəklədik. İlk simpozium kimi budəfəki tədbir də əhəmiyyətli işlərə və qarşılıqlı layihələrə təkan verəcək. 2017-ci ilin oktyabr ayında Azərbaycanda xalça sənətinə həsr edilən çox mötəbər beynəlxalq tədbir keçiriləcək və bu simpoziumu həmin layihəyə bir hazırlıq mərhələsi kimi də dəyərləndirmək olar”.
   Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin direktoru İbrahim Yıldırım qeyd etdi ki, tədbirin mövzusu türk xalça sənətində naxışlardır. Mövzu bizim eradan əvvəldən başlayaraq bu günümüzədək olan böyük bir zamanı əhatə edir. 
   Açılış nitqlərindən sonra qonaqlar D.Kara Çoban adına Milli Qaqauziya Tarix və Etnoqrafiya Muzeyinin eksponatlarından ibarət sərgi ilə tanış oldular. Burada xalça, tikmə, milli geyim və dekorativ-tətbiqi sənət nümunələri nümayiş olunurdu. 
   Mayın 24-dək davam edəcək simpoziumun sessiyalarında “Türkdilli xalqların ortaq dili olan ornamentlərin semantikası və onların ümumi kökləri”, “Türkdilli xalqların ortaq xalça mədəniyyətində yer alan naxışlarla bağlı terminlər və bu sahədə yaşanan problemlər”, “Xalça sənətində istifadə edilən naxışların digər sənət növləri ilə əlaqəsi, qarşılıqlı təsiri və onların zənginləşdirilməsi”, “Naxışın xüsusi bədii dili”, “Müasir dünya incəsənətində naxışların əhəmiyyəti” və digər mövzularda məruzələr dinləniləcək, müzakirələr, fikir mübadiləsi aparılacaq. Həmçinin, naxışların tipoloji təsnifatındakı özəllikləri, coğrafi ərazi baxımından yayılması, bu maddi-mənəvi irsin qorunması və digər sahələrdə çalışan elm adamlarının məruzələri kitab şəklində nəşr edilərək kitabxanalara və iştirakçılara paylanılacaq. 
   
   Lalə Azəri