Yaddaşlarda “Koroğlu”nun qələm dəlilərindən” biri kimi yaşayan Vəli Xuluflu
   
   El-obalarımızı oymaq-oymaq gəzib, xalqın hikmət qənimətlərini - tapmacasından atmacasınadək bütün ağız incilərini, şifahi ədəbiyyat yatırını imkanı qədər toplayıb çap etdirən bu repressiya qurbanı rəsmi-rəyasi mənbələrdə yalnız ölümündən 18 il sonra (1956-cı ildən) “görkəmli ədəbiyyatşünas-alim”, “alovlu publisist”, “mükəmməl ziyalı, ictimai xadim” adlandırılıb...    
   Bunlarla yanaşı, bu böyük ziyalı-alimin “böyük siyasi aldanmışlarımız”dan olması da bəlli. Belə ki o, imperialist xislətli dövlətin qeyri-leqal işğalçılıq siyasətini “məzlum xalqlara səadət” fəlsəfəsi kimi qəbul edərək, müstəqil Cümhuriyyətimiz dövründə (1919) bolşevik partiyası sıralarına daxil olmuş, bu bəşəri siyasi fiksə xeyli xidmət göstərmişdir. Bu xidmət onu Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun elmi katibi, Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru, Mərkəzi Arxiv İdarəsinin müdiri, Xalq Maarif Komissarlığında universitet və elmi-tədqiqat müəssisələri idarəsinin rəisi, Dövlət Elmi Şurasının sədr müavini, SSRİ EA Azərbaycan şöbəsinin baş mütəxəssisi mərtəbələrinədək ucaltmışdır. “Sonuncu mərtəbə”yədək Yeni Türk Əlifbası Komitəsinin üzvlüyü, bu əlifbanın digər türkdilli xalqlar arasında yayılması üzrə baş təlimatçılığı, “Azərbaycanı Tədqiq və Təbliğ Cəmiyyəti”nin işlərində fəal çalışmaları onu Zaqafqaziya Federasiyasının 10 illiyində “İctimai-elmi və ədəbi xidmətlərinə görə” fəxri tərifnamə və bir qızıl saata layiq etmişdir. Elə bir saat ki, sahibinə çox az -1938-ci ilədək işləmişdir... 
   Amma o saatın sahibi bu xalq üçün -
   
   Çox işləmiş...
   
   Bu yorulmaz alim Azərbaycan ədəbiyyatşünaslığında “azman elmi imza”, “folklorumuzun toplanması, nəşri və tədqiqində ən ardıcıl və ən fədakarlardan biri” kimi təqdim edilir. Bu təqdimat əsasən, onun ötən əsrin 20-ci illərinin ortalarından başlayaraq bölgələrimizə səfərlər edib, bolşevizmin mənəvi-psixoloji təcavüz “eroziya”sına məruz qalmış xalqımızın qeyrət-qəhrəmanlıq ruhunu qaldırmaq sevda-sevgilərilə bağlıdır. Bu fədakar alim 1927-ci ildə aşıq Hüseyn Bozalqanlının dilindən qələmə aldığı iki, 1929-cu ildə dörd qolu olmaqla, “Koroğlu” dastanımızı (əlbəttə, zaman-zaman təkmilləşdirilmə və əlavələr edilməsini də qeyd etməliyik) kitab halında nəşr etdirib. 
   Bir-birinin ardınca tərtib edib nəşr etdirdiyi kitablardan olan “El aşıqları”nda (1927) V.Xuluflunun tədqiqatçılıq görəvi tək elə Qurbani, Xəstə Qasım, Dədə Ələsgər, Hüseyn Şəmkirli və başqalarının tərcümeyi-halları, irslərindən yazıya aldığı yüzdən çox qoşma, gəraylı, təcnisləri, habelə H.Şəmkirliyə məxsus “Reyhan” dastanı ilə məhdudlaşmır, eyni zamanda o, həmin vaxtlardan bəri nəşr edilən aşıq şeirlərinin toplanılma və tədqiqi prinsiplərinin əsasını qoymuş hesab edilir. 
   1928-ci ildə V.Xuluflu Azərbaycanı Öyrənmə Cəmiyyətinin xəttilə daha bir canlı xalq xəzinəsini - “Tapmacalar” kitabını nəşr etdirir. Tapmacaların ideya və bədii xüsusiyyətlərindən bəhs edən yığcam, lakin dərin məzmunlu müqəddimədə Azərbaycanda o dövrədək heç tədqiq olunmayan tapmacaların əhəmiyyəti, xalq ədəbiyyatı növləri içərisində mövqeyi və s. haqda danışan müəllif, onların xalq həyatı, məişəti, yaşayış tərzi ilə əlaqədar yarandığını, xalq həyatının “matematikası” olduğunu söyləməsi ardınca yazır: “El ədəbiyyatında tapmacaların materialı daha real və daha təbiidir. Təbiətdə və həyatda nə görülürsə, tapmaca da onun üzərində qurulur. Bu kitabçanı oxuyanlar materialların əfsanə və mövhumat üzərində deyil, təbiət üzərində qurulduğunu görəcəklər. ...Tapmacalar da uzun qış gecələrində adamları lampa işığı və ocaq kimi başına toplayan xalq yaradıcılığı qüvvəsidir. Kəndlilər, ələlxüsus uşaqlar, bu xoş “çətincə” başına yığışıb, deyə-gülə xeyli gap-qələcə edərlər. Axı oralarda teatr, kino və s. bu kibi ictimai yer, məşğuliyyət ünvanları yoxdur...” 
   Onun tərcümeyi-halındakı ünvanlar isə - 
   
   Xeyli çox...
   
   Azərbaycanın XX əsrdə yetirdiyi böyük ziyalılardan, folklorşünaslığın təməl daşlarını qoyanlardan biri - Şəmkir rayonunun Xuluf kəndində doğulan (1894), yazıb-oxumağı bir kənd mollası yanında öyrənib, dini təhsilini Gəncədə - dünyəvi elmlərin də tədris olunduğu (müdiri böyük din xadimi Axund H.Pişnamazzadə) mollaxanada davam etdirən Vəli Xulufluda elə gənclik illərindən güclü milli siyasi şüur formalaşır. Lakin üzv olduğu “İttihad” təşkilatından ayrılıb bolşeviklərin sıralarına qoşulur. Tezliklə yeni quruluşun iç üzünü görüb, yuxarıda qeyd etdiyimiz kimi, həyatını elmə sərf etməyi qərarlaşdırır və son nəticədə “Folklorşünaslıq elminin Koroğlusu” kimi şöhrət-deyimlələrlə mükafatlandırılır. 
   Türk dünyasına bütün canı-qanıyla bağlı olan bu alim müasir tədqiqatçıların təfsirində “canlı ensiklopediya” kimi də yad edilir. 
   Bir vaxtlar Cümhuriyyət sevdasından üz döndərmiş gənc siyasətçi səhvini anlayandan sonra sırf elm sahəsinə keçir. Xeyli fundamental-elmi işlərlə bahəm, aldanmış milli arzularının bir qismini reallaşdırmaq üçün Yeni Türk Əlifbası komitəsində fəaliyyətə başlasa da, yaxın qohumlarından birinin qaçaq olması faktı onu tezliklə bolşeviklərin gözündən salır; tutduğu vəzifələrdən uzaqlaşdırılır, partiya üzvlüyündən çıxarılır, dünənədək “başına and içən” dost-yoldaşlarının tənəli baxışlarına məruz qoyur. 
   Onun 1927-ci ildə ilk variantını, iki il sonra tovuzlu aşıq Hüseyn Bozalqanlının söyləməsi əsasında yeni qolları ilə təkrar çap etdirdiyi “Koroğlu” SSRİ məkanında elə bir əks-səda doğurur ki, hətta ermənilər də bu adda bir dastan quraşdırmaq xəyalına düşür. Lakin V.Xuluflunun tutarlı arqumentlərlə dolu reaksiyası onları bu növbəti “gülməli istəkdən”, belə demək mümkünsə, xilas edir. 
   Nəhayət, -
   
   “Qara siyahı” dövrü... 
   
   Belə də olmalı idi (?)... 
   Axı o, təxminən bütün yazılarında türk xalqlarının vahid etnik mədəniyyətə, adət-ənənələrə, eyni dilə malik olduğunu və onlar arasında yaxınlaşmanın vacibliyini vurğulayırdı. Bu niyyətlə fasiləsiz olaraq Krım, Qazaxıstan, Özbəkistan, Başqırdıstan, Kazan, Türkmənistan, Qırğızıstan... səfərləri edir, elm-bilim adamlarıyla görüşlər keçirir, mühazirələr oxuyur, fikir mübadilələri aparırdı. Həmin NKVD onun çalışdığı nöqtələrdə yalnız milli qüvvələrin toplanmasına, bütün bunların nəticəsi olaraq 1926-cı ildə Bakıda (Əli bəy Hüseynzadə, Fuad Köprülüzadə, Bartold və b. nəhənglərin iştirak etdiyi!) 1-ci Türkoloji qurultayın keçirilməsinə necə göz yuma bilərdi? 
   Beləliklə, o, 1937-ci il 28 yanvar gecəsi həbs edilir, istintaqda aylarla “əksinqilabi millətçi təşkilatın üzvü olduğunu” qəti surətdə rədd etsə də, bu xalqın əbədi qənimi ermənilərdən Sumbatov və Qalstuyanın imzalarıyla ölüm hökmünə məhkum olunur və oktyabrın 14-nə keçən gecə (B.Çobanzadə və Ə.Cavadla eyni gündə) hökm icra edilir...
   
   Tahir Abbaslı