Mayın 18-də TÜRKSOY-un yeni layihəsi olan “Türk dünyasının öncülləri” konfranslarından növbətisi Krım-tatar milli şairi, görkəmli türkoloq, dilçi alim Bəkir Sıtkı Çobanzadəyə (1893-1937) həsr olunmuşdu.
   Tədbirdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Qazi Universitetinin Ədəbiyyat fakültəsinin müəllimləri, media nümayəndələri iştirak edirdi. 
   TÜRKSOY-un baş katibi açılış sözündə qonaqları salamladı. Düsen Kaseinov bildirdi ki, bu gün dördüncü tədbiri gerçəkləşdirilən layihənin məqsədi türk dünyasının görkəmli insanlarını tanıtmaqdır. 
   Daha sonra çıxış edən Y.Topçu sovet repressiyalarının qurbanı olmuş böyük türk alimi və mütəfəkkirinin anıldığı konfransın əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, türk dünyası belə insanları unutmamalıdır. O, B.Çobanzadənin repressiya edilməsindən sonra vətəni Krımda soydaşlarının məruz qaldığı sürgünü xatırladaraq türk xalqlarına qarşı törədilən soyqırımı və qətliamlardan danışdı. Bildirdi ki, bu hadisələr həmin coğrafiyada əvvəlcə Krım türklərinə, sonra Ahıska türklərinə, çərkəslərə və digər Qafqaz xalqlarına qarşı törədilib: “Bu gün Krım türklərinin sürgünün başlandığı (18 may 1944 - red.) gündür. O günlər insanlıq tarixində çox dərin yaralar buraxan, insanlıq vicdanına zərbə vuran günlər kimi qalıb”. 
   Türküstan coğrafiyasında acıların bu gün də davam etdiyini deyən Y.Topçu çıxışında Qarabağ məsələsinə də toxundu. Bildirdi ki, Azərbaycan torpaqları BMT-nin qərarlarına rəğmən erməni işğalı altında qalmaqda davam edir. Xocalı soyqırımı gözümüzün önündə baş verdi: “Bu tarixi acıları bir daha yaşamamaq, onların fəsadlarını aradan qaldırmaq üçün dildə, fikirdə, əməldə bir olmanın yolunu tapıb o hədəfə vurmaq lazımdır”.
   Qazi Universitetinin Ədəbiyyat fakültəsinin müəllimi Zuhal Yüksel Krım türklərinin yetişdirdiyi ən güclü qələm sahiblərindən biri olan Bəkir Çobanzadənin həyat və fəaliyyətindən bəhs etdi. Bildirdi ki, Bəkir Vahab oğlu Çobanzadə 1893-cü ildə Krımın Qarasubazar kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə alıb, sonra təhsilini İstanbulda davam etdirib. Macarıstanda isə türkologiya üzrə təhsil alıb. Vətəni Krıma qayıdaraq elmi-pedaqoji fəaliyyətlə məşğul olub.
   20-ci illərdə Azərbaycana dəvət olunan alim burada, eləcə də Orta Asiya, Tatarıstan, Başqırdıstan və Krımda latın əlifbasına keçidlə əlaqədar işlər görür, elmi tədqiqatları ilə dilçilik elmi və türkologiyanın təşəkkülü və inkişafında böyük rol oynayır. Bakı, Daşkənd, Fərqanə və Buxara ali məktəblərində türkologiyanın ayrı-ayrı problemlərinə dair mühazirələr oxuyur. Görkəmli alim 1937-ci ildə Stalin repressiyasının qurbanı olub.
   Tədbirin sonunda TÜRKSOY-un baş katibi D.Kaseinov Y.Topçuya "Türk dünyasına xidmət" şərəf medalını təqdim etdi.
   
   Mehparə Sultanova
   Ankara