Türkiyədə yaşayan soydaşımızın Bakıda növbəti sərgisi 
   
   Mayın 20-də “Port Baku Mall” qalereyasında Türkiyədə yaşayan rəssam soydaşımız Emil Əzizin “Blooming” adlı sərgisi açılıb. Tədbirdə incəsənət xadimləri, sənətsevərlər iştirak ediblər. 
   “Art Bahar” festivalı çərçivəsində keçirilən sərgidə rəssamın “Məqsəd”, “Gözətçilər”, “Müharibə incəsənəti”, “Gəlin”, “Qəddar tac”, “Sonsuz gerçəklik”, “Kiçik, vacib şeylər”, “Zaman dayananda”, “Səhnəarxası”, “Çiçəklənmə”, “Xəyalpərəst”, “Dörd fəsil”, “Qum saatı”, “Bahar qadınları” və başqa rəngkarlıq əsərləri nümayiş olunur. Onun əsərlərinin başlıca qəhrəmanı qadınlardır. Rəssam onları ayrı-ayrı durumlarda təsvir etməklə hər bir obrazı al-əlvan rənglər dünyasına qərq edir. 
   Rəssam əsərlərində rənglərin güclü ekspressiyası ilə tamaşaçıya təsir etməyi düşünür. Bu baxımdan rəng effektlərindən bacarıqla istifadə edir. 
   Emil Əziz 1984-cü ildə Bakıda rəssam Rafiq Əzizin ailəsində anadan olub. 1995-ci ildən ailəsi ilə Türkiyənin İstanbul şəhərində yaşayır. Boğaziçi Universitetinin Riyaziyyat fakültəsini bitirib. Hazırda Yedditəpə Universitetində riyaziyyatdan dərs deyir. 
   Həyatında dəqiq elmlərlə təsviri sənəti birləşdirməyi bacaran E.Əzizin 2012-ci ildə İstanbulda, 2014-cü ildə Bakıda "Səmanın rəngləri", 2015-ci ildə “Yuxularım”, 2016-cı ildə “Novruz” adlı fərdi sərgiləri keçirilib. UNESCO yanında Beynəlxalq Təsviri İncəsənət Assosiasiyasının üzvü olan rəssamın əsərləri Parisdə, Praqada, İstanbulda, Dehlidə və Lissabonda təşkil olunmuş sərgilərdə nümayiş etdirilib. Bakıdakı sərgi mayın 31-dək davam edəcək.
   
   S.Qaliboğlu