“Yeyəsən qaz ətini, görəsən ləzzətini”
   
   Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində fəaliyyət göstərən “Mizan” tələbə dram dərnəyi mayın 24-də Əbdürrəhim bəy Haqverdiyevin “Yeyəsən qaz ətini, görəsən ləzzətini” əsəri əsasında hazırlanmış ilk tamaşasını təqdim edib.
   Bu ilin martında Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Dövlət Pedaqoji Kollecində yaradılan dərnəyin bədii rəhbəri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar artist Məmməd Səfa, layihənin koordinatoru Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlıdır. 
   Pedaqoji Kollecdə keçirilən premyerada tədris ocağının direktoru Qulu Novruzov Bilik Fondu ilə əməkdaşlığın müəllim və tələbələr tərəfindən razılıqla qarşılandığını vurğulayaraq, həyata keçirilən birgə maarifləndirici layihələrin səmərəsindən danışıb. 
   Layihənin koordinatoru Ramilə Qurbanlı “Mizan” tələbə dram dərnəyinin fəaliyyətini yüksək qiymətləndirərək qısa zaman ərzində tələbələrin səhnə əsərini ərsəyə gətirmələrini təqdir edib.
   Dərnəyin bədii rəhbəri, tamaşanın rejissoru, Əməkdar artist Məmməd Səfa tələbə gənclərin teatr sənətinə marağından bəhs edib, dərnək üzvlərinin məşqlərdə həvəslə iştirak etdiklərini bildirib. Tələbələrin ifasında göstərilən tamaşa maraqla qarşılanıb, həvəskar aktyorlara Bilik Fondunun təşəkkürnamələri təqdim olunub.