Mayın 27-də Ramazan ayı başlayır
   
   Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Ramazan ayının başlanması ilə bağlı fətva verib. Fətvada bildirilir ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının builki hesablamalarına əsasən, ölkə ərazisinin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Ayın görünməsi ilə miladi təqvimlə 27 may 2017-ci ilə təsadüf edəcək. Ayın göründüyü andan etibarən Ramazan ayı başlayacaq.
   Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim tərtib edib. Fətvada digər mənbələrdən daxil olmuş, təxribat və təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlar tərəfindən istifadəsinin yolverilməz olduğu vurğulanır.
   Bildirilir ki, Eydül-Fitr - Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq 26 iyun tarixinə təsadüf edəcək.