Nyu-York şəhərinin Bruklin rayonundakı “Master Teatr”da ikinci “Qafqaz irsi” festivalı keçirilib. Festival Bruklin meri Erik Adams və Bakı-Bruklin Dostluq Assosiasiyası tərəfindən təşkil olunub.
Festivalın təntənəli açılış mərasimi zamanı “Master Teatr”a toplaşmış tamaşaçıları salamlayan Erik Adams tədbirin önəmindən danışıb və bu təşəbbüsün reallığa çevrilməsində xidmətlərinə görə Bruklin-Bakı Dostluq Assosiasiyasının prezidenti Mariyetta Rozentala və “My Way” Uşaq və Gənclər İnkişaf Mərkəzinin rəhbəri Alyona Bədəlovaya təşəkkürünü bildirib. Qeyd edib ki, Bruklin sakinlərinin yarısı müxtəlif dillərin daşıyıcısıdır və dünya mədəniyyətlərinin təmsilçiləri olaraq onlar Bruklinin mədəni inkişafına böyük töhfə verirlər.
Bruklin-Bakı Dostluq Assosiasiyasının prezidenti Mariyetta Rozental çıxış edərək festivalın keçirilməsinə verdikləri dəstəyə görə E.Adamsa, Azərbaycan hökumətinə, o cümlədən ölkəmizin Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirib.
Festival çərçivəsində “My Way” mərkəzi və "Pesvebi" gürcü mədəniyyət mərkəzinin yetirmələri Azərbaycan, gürcü və digər milli rəqslərdən ibarət rəngarəng proqramla çıxış ediblər. Uşaqların yaradıcılığına böyük töhfələr verən incəsənət xadimləri Bruklin meriyası tərəfindən xüsusi mükafatlarla təltif edilib. Builki festivalda Azərbaycandan gələn incəsənət xadimləri də iştirak ediblər.
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın ABŞ-dakı səfirliyi və Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən festivalda müğənni Xəyyam Nisanov və tanınmış skripka ifaçısı Ceyhun İsmayılov da çıxış ediblər.