Rejissor İlqar Nəcəfin “Nar bağı” bədii filmi 30 iyun - 8 iyul tarixlərində Çexiyada keçiriləcək Karlovı Varı Beynəlxalq film festivalına dəvət alıb.
“Azərbaycanfilm” kinostudiyasından verilən məlumata görə, “Buta Film” kino şirkəti ilə birgə istehsal olunan yeni ekran əsəri festivalın “Qərbin Şərqi” müsabiqə proqramında təqdim olunacaq. “Nar bağı” proqramın açılış filmi olacaq.
Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir. Rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırırlar.
* * *
8-15 iyul tarixində keçiriləcək Madrid Beynəlxalq film festivalında isə İlqar Safatın “İçərişəhər” bədii filmi nümayiş olunacaq. Film “Xarici dildə film” kateqoriyasında nominant elan olunub.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2016-cı ildə “Azərbaycanfilm” kinostudiyasında lentə alınan ekran əsəri ötən müddətdə Hyuston, Qahirə, Tallində, eləcə də Hindistanda bir neçə beynəlxalq film festivalında nümayiş olunub. Hazırda “İçərişəhər” Türkiyədə Alanya film festivalında iştirak edir.
Psixoloji dram janrında lentə alınan filmin ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırırlar.
Lalə